Ürfət Həsənov: Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu
Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.
Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi. Həmin dövrdə statistik göstəricilərin ilbəil azalması, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi ölkənin zəhmətkeş kütləsinin həyat tərzini pisləşdirmişdi. Azərbaycan ittifaq respublikaları arasındakı iqtisadi inkişaf tempinə görə geri qalırdı. Zəngin təbii sərvətlərə malik bir torpağın üzərində gəzən azərbaycanlının, sərvəti özünün yox, başqalarının mənafeyinə xidmət edirdi. Bu məsələlər kimi aktual hesab olunan iqtisadi tənəzzülün dayandırılması daha yeni formada ulu öndər Heydər Əliyev tərəfindən əhatəli quruculuq yoluna qədəm qoydu. Tezliklə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalı 2,5, sənaye istehsalı 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikilərək, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalında statistik vəziyyət göstəricisinə görə, 1980-ci ildə 1,5 milyon ton olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə yüksək idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində Azərbaycan ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya olmadan yaşayırdı.
Bu dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Əsası qoyulan təhsil ənənələri sırasında respublikada zəruri ixtisaslara yiyələnmələri üçün azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi praktikası xüsusi yer tutub. Əgər 1969-cu il üçün Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Ulu öndər Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Məşədi Əzizbəyovun, Nəriman Nərimanovun, Qəzənfər Musabəyovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu.
1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının - əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı. Sonralar Heydər Əliyev bu illəri yada salaraq deyirdi: "...Biz 1973-cü ildə böyük şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən ötrü Bakının mərkəzi küçələrindən birində Nəsiminin heykəlini ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut və məktəblərə, küçələrə onun adını verdik".
Ulu öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük diqqət və maraq göstərmiş, tez-tez teatr tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1970-1982-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı adının, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin böyük adlara məhz ulu öndər Heydər Əliyevin sayəsində layiq görüldü. Bütövlükdə mədəniyyət və incəsənətin - kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, heykəltəraşlığa da ulu öndər Heydər Əliyev ciddi qayğı göstərirdi.
Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. SSRİ-ni lərzəyə salan milli-azadlıq hərəkatının qüdrəti və əzəməti ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi. Bu barədə ulu öndər Heydər Əliyev qeyd edirdi: "... Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərək və bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm...".
Ulu öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların ölkənin gələcək inkişaf strategiyasına hesablandığı duyulur. Hələ sovet dönəmindəki hakimiyyət illərində Azərbaycandan kənarda respublikamız üçün ən zəruri olan ixtisaslar üzrə 15 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanması faktını təhlil edən Rusiya analitikləri bu nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görürmüş. Bu nəticə son 30 illik tarixi inkişafımızın real yekunu ilə bir daha təsdiqlənir və ulu öndər Heydər Əliyev fenomeninin böyüklüyünü bütün dünyaya nümayiş etdirir. Milli tərəqqinin-elmin, mədəniyyətin və mənəviyyatın üstün inkişafı, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas hədəflərdən birinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir.
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə vermiş olur. Ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafında Azərbaycan müəllimlərinin XI qurultayı zamanı "Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik..." deyə səsləndirdiyi fikir dövrünün təhsil strategiyasının siyasi taleyini ehtiva edirdi. Ulu öndərin bu dövrdə hərbi məktəbin açılmasına nail olması, Onun sovet totalitar rejiminin ən möhkəm dönəmində bu addımı atması Azərbaycan üçün ən böyük töhfəsi idi. O dövrün nəhəng layihələrindən Kondisioner, Dərinlik Özülləri zavodları, obyektlərin tikintisi ulu öndərin iradəsinin, qətiyyətinin bariz nümunəsidir.
Xalqın kamal dünyasının formalaşdırılması, mənəviyyat sahələrinin inkişaf etdirilməsi Heydər Əliyevi milli özünüdərkimizin təkamülünə də üfüqlər açdı. Mənəviyyat xadimlərinin - yazıçı və şairlərin, rəssamların sosial həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan ehtiyaclarının təminatına xüsusi qayğı var idi. Azərbaycanda elmin-təhsilin inkişafına geniş meydan verərək vətəndaşların maariflənməsi üçün ulu öndər Heydər Əliyev müasir ölkənin gələcəyinə hesablanan tədbirlər sırasına daxil idi. Ümummilli lider elmin, təhsilin inkişafını xalqın gələcəyini təyin edən əsas şərtlərdən biri hesab edirdi. Xalqın, millətin, dövlətin gələcəyi təhsilin inkişafı ilə bağlıdır və elmi tərəqqi etməyən ölkə qüdrətli bir ölkə olmaq imkanına malik deyil.
Müstəqillik çağrışları hələ 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxt ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi.
18 oktyabr 1991-ci ildə bünövrəsi qoyulan, 15 iyun 1993-cü ildə real məhvolmadan xilas edilən müstəqil Azərbaycanın milli qurtuluş tarixindən sonra real sabitlik yoluna qədəm qoydu. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.
Ürfət Həsənov
Goranboy Rayon Sukanal idarəsinin rəisi.
Xəbəri paylaş