Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin anım günüdür 0
Yanvarın 6-sı Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin anım günüdür. Onu poeziyamızın nakam şairi, məhəbbət şairi adlandırırlar. Amma əslində o mübaliğəsiz poeziyamızın ən böyük şairlərindən biridir. Çünki Müşfiq 29 illik ömrünə böyük bir ədəbiyyat sıgdırmağı bacarmışdı.
Mubarizciler.az xatırladır ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub.
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. O, bədii tərcümə ilə də ciddi məşğul olub. Bunlar A.S.Puşkinin "Qaraçılar", Taras Şevçenkonun "Kobzar”, və digər kitablarıdır. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. Müşfiqin şeirləri təkcə şeir olaraq oxucuların qəlbində yaşamayıb, onun sətirləri mahnılara siraət edib. Sözlərinə bəstələnmiş saysız-hesabsız bəstələr var. Bunlardan “Yenə o bag olaydı, ”Küləklər”, ”Ana”, ”Sən Müşfiqin yanında qalginən, sənə qurban”, "Oxu, tar" “Heç mənim ruhumu oxşarmı, söylə” və bir çoxunu sadalamaq olar.
Müşfiq yazdıgı şeirlərinin birində deyir: mən gündən - günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim, bu yerlə əlləşən, göylə çarpışan dostdan aşinadan necə əl çəkim. Bəli, bəlkə də həyatının son illərinin təlatümlü keçməsi artıq şairə yolun sonuna yaxınlaşdıgını hiss etdirmişdi. Müşfiq 1938-ci il yanvarın 6-da repressiya qurbanı olaraq güllələnir. Cavan yaşda dünyadan köçən məhəbbət şairimiz Azərbaycan ədəbiyyatının qocaman şairinə çevrilir.
Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub. Adını daşıyan Müşfiq qəsəbəsi, məktəb, küçə var. Müşfiqin ömrü yarıda qalsa da, sözü yarıda qalmayıb. O,xoşbəxt və bəxtiyar bir şairdir. Özünün də yazdığı kimi “Vətən üçün yaşayan, vətən üçün ölən” şair.
Xəbəri paylaş