"Çernobıldan qayıdandan sonra normal həyata adaptasiya ola bilmirdim" Namiq Məmmədov
Çernobıl faciəsindən 39 il ötür. 1986-cı ilin bu günü Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhərinin yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib.
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mindən çoxu bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Xilasetmə işlərində iştirak edən digər insanlar ağır şüalanmaya məruz qalıblar. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak ediblər.
Müsahibimiz II qrup Çernobıl əlili Namiq Məmmədovdur.
- Ömrün Çernobıl səhifəsi...
- O vaxt 18 yaşım vardı. 1986-cı ilin iyun ayında Lvov şəhərində hərbi xidmətə başladım. Lvovla Çernobılın arası təxminən 2400 kilometrdir. Beş ay sonra bizim hərbi hissəni ora ezam etdilər.
Yadımdadır, Çernobıla girməmişdən qabaq şəhərin yaxınlığında yerləşən bir rayonda məşskunlaşdıq. Orada bir polkovnik iyirmiyə yaxın gənci cərgəyə düzdü. Sonra şəxsən məndən yaşımı soruşdu. 18 yaşımın olduğunu deyəndə, təəccüb içərisində fikrə getdi və belə bir cümlə işlətdi: "Sizə çox yazığım gəlir". Bu söz ölənə kimi yadımdan çıxmayacaq. Sonda da əlavə etdi ki, uşaqlar, çox xahiş edirəm, özünüzü qoruyun.
- Polkovnikin sözlərinin mahiyyətini tam olaraq nə vaxt anladınız?
- Düzü, əvvəlcə nə baş verdiyini dərk etmirdik, əksinə, sevinirdik ki, tapşırıq yerinə yetiririk. Yalnız xarabalıqları görəndə faciənin miqyasını başa düşdük. Bir müddətdən sonra bizim qrupdan doqquz nəfərin halı pisləşdi və onları hospitala yerləşdirdilər. İkisi oradaca rəhmətə getdi. Hadisənin təsirindən günlərlə özümüzə gələ bilmirdik. Faciə ilə üzbəüz qalmışdıq.
- Sovet əsgərini bu faciənin zərbələrindən necə qoruyurdu bəs?
- Siz nə danışırsınız, nə qorumaq? Təsəvvür edin, əsgər olaraq bizə heç qoruyucu vasitə də vermirdilər. Özümüz maska düzəldib taxırdıq. Çernobıla hansı geyimdə getmişdiksə, həmin geyimdə də Lvov şəhərinə qaytardılar. O paltarlar istifadəyə yararsız hala düşənə kimi bizdə qaldı.
Bizim rayonda Qurban adlı Çernobıl əlili vardı, 52 yaşında rəhmətə getdi. Uzun müddət yataq xəstəsi oldu, çox əziyyətlər çəkdi. Qurban danışırdı ki, partlayış baş verən zavodda bizə əleyhqazı geyindirib, əlimizə sxemlər verirdilər. Məsələn, 20 metr dayanmadan sola qaçırsan, 15 metr sağa. Təyinat nöqtəsindən bağlamaları götürüb qaça-qaça geri qayıdırsan. Gətirdiklərini çuxura atıb keçirsən bu tərəfə. Qurbanın sözlərinə görə, əynində əleyhqaz olsa belə, bədən o qədər şüa alır ki, qayıdanda radiasiyanı ölçən vaxt qırmızı işıq yanırdı. Bu tapşırıqların icrasına isə əsasən ömürlük həbsə məhkum olanları göndərirmişlər.
Mən bunu genosid adlandırıram. Bizim təşkilatın üzvlərindən 39-40 yaşında dünyasını dəyişənləri görəndə "Çernobıl qara ləkə - təmiz vicdan" adlı bir məqalə yazmışdım. Həqiqətən də, onlar sağlamlığı yerində olan, normal adamları aparıb orada ləkələdilər. Bizi ömürlük ağrılı-acılı həyata məhkum etdilər. Ağrılara dözməyib nə qədər intihar edənlər olub.
- Çernobılı necə təsvir edərdiniz?
- Bir səhnə hələ də gözümün önündən getmir. Çernobılda böyük həcmli bir boru vardı, içərisi kül idi. Pişiyin oraya girdiyini gördük. İki-üç saat borunun içərisində qalandan sonra digər tərəfdən çıxanda pişiyin bədənində tük yox idi. Borunun içərisində şüanın dərəcəsini təsəvvür edin.
Bizim bəxtimiz onda gətirdi ki, 86-cı ilin qışında temperatur bir ay boyunca -35 dərəcədən aşağı düşmədi. Bir tərəfdən soyuq bizə zülm etsə də, radiasiyanın yerdə olan çirkablı hissəsini dondurmuşdu. Ancaq yenə də radiasiyanı ölçəndə yüksək rəqəmlər görürdük.
Biz sərhədin girişini qoruyurduq. Yerli əhali yox idi. 30 km ölü zona və onun ətrafındakı kəndlər tamamilə boşaldılmışdı. Həmin ərazidəki boş evlərin sahibləri təkcə üst geyimini götürüb çıxmışdı. Ərzaqlar isə qalmışdı. Bədbəxtlikdən bizi bu məsələlərdə maarifləndirən olmamışdı. Məsələn, boş evlərə girəndə mürəbbə görürdüksə, bankaları açıb yeyirdik. Nə qədər ziyanlı ola biləcəyi ağlımıza belə gəlmirdi. Halbuki radiasiya elə bir şeydir ki, havanı udandan sonra beş saat müddətində qana sovrulur. Ona görə də, Çernobıl ərazisində dörd ay olan da, üç gün olan da eyni statusa malikdir. Tutaq ki, hər ikisi I qrup əlil hesab olunaraq eyni məbləğdə pensiya alırlar, eyni dərəcədə də ağrıyırlar.
- Deyirlər, dövlət tərəfindən sizə verilən evi Çernobıl əlilinə bağışlamısınız.
- Bəli, çox götür-qoy edəndən sonra o evi Çernobıl əlilinə bağışladım. Həmin şəxs qamışdan özünə ev tikmişdi, o da başlarına uçurdu. Buna çox ehtiyacı vardı. İnanın, 70 minlik ev məndə zərrə qədər tamah oyatmadı. Öz gücümə Goranboyda Çernobıl əlillərinin xatirəsinə abidə də ucaltmışam.
- Siz həm də Goranboy rayon Çernobıl Əllilləri Cəmiyyətinin sədrisiniz. Rayonunuzda neçə Çernobıl əlili var?
- Naftalanı da saysaq, hazırda 57 nəfər sağdır. Ölkə üzrə ümumi sayımız isə 4000-dən də aşağıdır. Sayımız isə sürətlə azalmağa davam edir. Birgə əsgəri xidmətdə olduğumuz şəxslərdən 21 nəfəri bizim rayonda yaşayır. Onların 11-nin övladı tələf olub. Hətta birinin üç uşağı ölüb. İki-üç nəsil lazımdır ki, bu, qandan təmizlənsin. Çernobıldan sonra bir övladımı itirmişəm. Digər iki övladımın da sağlamlığında müəyyən problemlər var. İllər sonra ruhi xəstəliyə düçar olan, hətta bütün bədən əzalarında çürümə gedən Çernobıl əlilləri tanıyıram.
Bu yaxınlarda 40 yaşında bir Çernobıl əlilimiz vəfat etdi. Əvvəlcə onun nitqi tutuldu, sonra qulağı batdı, sonra isə gözləri kor oldu. Hazırda onun şikəst uşağı yaşayır. Təəssüf ki, bu gün Çernobıl iştirakçılarının övladlarına əlillik dərəcəsi alarkən, problemin ata ilə bağlılığını əlaqələndirilməkdə müəyyən çətinliklər yaşayırıq.
- Bu gün sizə göstərilən diqqət və qayğıdan razısınızmı?
- Dərman preparatlarının ayrılmasına, pensiyaların məbləğinin artmasına ehtiyac var. Şəxsən mənim pensiyam iynə-dərmana gedir. Ümumilikdə isə bizə göstərilən dövlət qayğısını daim hiss edirik. Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov problemlərimizin həlli istiqamətində daim əlindən gələni edir.
Bu gün bizim şəhid ailələrimiz, qazilərimiz var. Biz də tərəfdarıyıq ki, əsas diqqət onlara yönləndirilsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
- Birinci Qarabağ müharibəsində iştirak edən, şəhid olan Çernobıl əlillərimiz var.
- Bəli. O vaxt bu kateqoriyadan olan insanları müharibəyə aparmağa qanun icazə vermirdi. Ancaq onların içərisində könüllü şəkildə müharibəyə yollananlar var. Elə adam var ki, həm Çernobılda olub, həm Əfqanıstanda, həm də Birinci Qarabağ müharibəsində.
Goranboy rayonundan olan iki nəfər Çernobıl əlili - Tofiq Əkbər və Xəqani Nağıyev könüllü olaraq müharibədə iştirak edib döyüşlərdə qəhrəmancasına şəhid olublar.
- Üstündən illər keçməsinə baxmayaraq, Çernobılın yaraları hələ də sizinlədir. Necə gəlirsiniz öhdəsindən?
- Çernobıldan qayıdandan sonra normal həyata heç cür adaptasiya ola bilmirdim. Bütün bədən orqanlarım məni incidirdi. Həmin dövrlərdə Mərdəkan qəsəbəsində yerləşən əlillər üçün xəstəxanada iki ay on gün qaldım. Sanki həyatdan təcrid olunmuşdum. Həkimlər diaqnoz tapıb qoya bilmirdilər. Bir gün Baş həkimin otağına girib dedim ki, cəmi 26 yaşım var, ətrafımda hamı deyib gülür, ancaq mən can verirəm. Evdən özümə bal, iki çolpa, nə qədər ərzaq gətirmişəm. Ancaq birinə də əlimi vura bilmirəm.
Baş həkim halımı görəndən sonra öz sürücüsünü mənim üçün ayırdı. Bir həftə boyunca məni Mərdəkandan Bakıya diaqnoz üçün müxtəlif institutlara gətirdilər. Heç nə çıxmadı. Sonda məlum oldu ki, hamısı şüanın təsirindədir.
Dişlərim tökülüb, 28 yaşımdan gözlərim yaxşı görmür. Həmişə mənə elə gəlir ki, ətimi sümüyümdən ayırırlar. Ən çox ağrı isə baş və kürəkdə olur. Kürəyimdə sanki bir yara daşıyıram. Hələ də gündə ən azı iki-üç ağrıkəsici içirəm. Hərdən düşünürəm ki, nə yaxşı mədəm deşilmir. Məni saxlayan göydə Allah, yerdə də ailəm, 36 illik ömür-gün yoldaşımdır.
- Çernobılda iştirakınız həyat yoldaşınızı qorxutmadı?
- Həyat yoldaşım qohumumdur. Bütün nəsil-kök Çernobıla görə deyirdi ki, o oğlana getmə. Ailəsi onu mənə vermirdi.
- Bəs neynədiniz?
- Qaçırtdım.
Xəbəri paylaş



