Səyavuş Aslanın anadan olmasının 89 ili tamam olur
Bu gün Xalq artisti Səyavuş Aslanın anadan olmasının 89 ili tamam olur.
Mubarizciler.az xatırladır ki, Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində anadan olub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.
1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub. “Romeo mənim qonşumdur”, “Əhməd haradadır?”, “Ulduz”, “Yol əhvalatı”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Cin mikrorayonda”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “O dünyadan salam”, “Yuxu”, “Hacı Qara” və s. filmlərdə çəkilib. Səyavuş Aslan 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. "Şöhrət" və "Şərəf" ordenləri laureatı idi. O, 2013-cü ildə vəfat edib.
Xəbəri paylaş