İlham Əliyev qəbullar keçirdi Fotolar + Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
Mubarizciler.az xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunub, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib.
Dövlət başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb.
Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.
Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.
Dövlət başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.
İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu deyib. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb.
İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını deyib.
Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırladıb. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib.
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb. O həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini deyib.
Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulanıb və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.
Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib.
O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir edib və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğulayıb.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini deyib.
Dövlət başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
















Xəbəri paylaş







































0772703001 