Bədəl Bədəlov: Zəngilanın dirçəlişi Azərbaycanın quruculuq əzminin növbəti təzahürüdür

Zəngilanın müasir tarixində 20 oktyabr həm qəhrəmanlıq salnaməsinin, həm də yeni həyatın başlanğıcını ifadə edən əlamətdar gündür. Şəhərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm Qələbə olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdışına ümid yaratdı. Bu gün Zəngilan azadlığın verdiyi imkanlarla yenidən qurulur, müasir layihələr və geniş inkişaf perspektivləri ilə gələcəyə doğru irəliləyir. Şəhərin simasında xalqımızın sarsılmaz iradəsi, dövlətimizin imkanları və tarixi torpaqlarımıza bağlılığı aydın görünür. Zəngilanın bərpası həm də Vətən müharibəsində qazanılmış Zəfərin əməli nəticələrlə möhkəmləndirilməsinin göstəricisidir.
1993-cü ildə Ermənistanın işğalı nəticəsində rayon sakinləri doğma torpaqlarından uzaqda yaşamağa məcbur oldular. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün mühasirə şəraitində mübarizə aparan zəngilanlıların iradəsi və torpağa bağlılığı xalqımızın yaddaşında silinməz iz buraxdı. 2020-ci ilin Vətən müharibəsi isə bu həsrətə son qoymaq üçün tarixi fürsət yaratdı. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan şəhərinin və bir sıra kəndlərin azad edildiyini elan etməsi böyük qürur və sevinc doğurdu. Döyüşlər nəticəsində şəhər, rayonun dörd qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bununla da Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa olundu. Bu Qələbə dövlət suverenliyinin möhkəmlənməsi ilə yanaşı, bölgədə yeni inkişaf mərhələsinin başlanmasına da zəmin yaratdı.
Bu gün Zəngilanın inkişafı Böyük Qayıdış Proqramının əsas istiqamətlərindən biridir. Şəhərdə yeni yaşayış kompleksləri inşa edilir, kəndlər bərpa olunur, sosial xidmətlər və məşğulluq imkanları yaradılır. Sakinlərin mərhələli şəkildə doğma torpaqlarına qayıtması rayonun həyatına yeni nəfəs verir. Başlıca məqsəd insanların təkcə evlərinə dönməsini deyil, burada rahat yaşamasını, işləməsini və gələcək planlarını reallaşdırmasını təmin etməkdir. Bu səbəbdən yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə və digər sosial infrastruktur obyektlərinin qurulmasına xüsusi diqqət yetirilir. Yaradılan şərait ailələrin doğma yurdda məskunlaşmasını asanlaşdırmaqla yanaşı, rayonun sosial həyatının canlanmasına da təkan verir. Beləliklə, Zəngilanda bərpa işləri insanların gündəlik tələbatlarını qarşılamaqla yanaşı, uzunmüddətli və dayanıqlı yaşayışın əsaslarını formalaşdırır.
Ağalı ağıllı kəndi Zəngilanda həyata keçirilən müasir quruculuq siyasətinin uğurlu nümunəsidir. Burada alternativ enerji mənbələrindən istifadə edilir, rəqəmsal kommunikasiya imkanları və elektron xidmətlər tətbiq olunur. Məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər sakinlərin rahatlığını təmin edir. Azad edilmiş ərazilərdə quruculuq yalnız infrastrukturun bərpası deyil, həm də ekoloji tarazlığın qorunması və müasir yaşayış mühitinin yaradılması deməkdir. Kənddə tətbiq olunan yeniliklər ənənəvi yaşayış tərzini müasir texnologiyalarla uzlaşdırmağa imkan verir. Bu model gələcəkdə digər yaşayış məntəqələrinin inkişafı üçün də faydalı təcrübə rolunu oynayır.
Zəngilanın gələcək inkişafında nəqliyyat layihələri xüsusi yer tutur. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu rayonun nəqliyyat imkanlarını genişləndirir, ticarət və sahibkarlıq üçün yeni perspektivlər yaradır. Bu layihələr Zəngilanın regional əlaqələr sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir. Müasir nəqliyyat şəbəkəsi insanların gediş-gəlişini asanlaşdırmaqla yanaşı, yükdaşımaların səmərəliliyini də artırır. Eyni zamanda, bu infrastruktur bölgəyə investisiyaların cəlb edilməsi və yeni iqtisadi əlaqələrin qurulması üçün əlverişli zəmin yaradır.
Rayonun iqtisadi potensialının reallaşdırılmasında kənd təsərrüfatı və turizm də mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi istehsalın artırılmasına, emal sahələrinin inkişafına və yeni iş yerlərinin yaradılmasına yönəlib. Turizm infrastrukturunun genişləndirilməsi isə rayonun təbii gözəlliklərindən və istirahət imkanlarından səmərəli istifadə üçün şərait yaradır. Bu təşəbbüslər yerli iqtisadiyyatın şaxələndirilməsinə və əhalinin məşğulluğunun yüksəldilməsinə töhfə verir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsuldarlığın artırılması və istehsal imkanlarının genişləndirilməsi üçün yeni imkanlar yaradır. Turizmin inkişafı isə Zəngilanın tanıdılması, xidmət sektorunun böyüməsi və yerli əhali üçün əlavə gəlir mənbələrinin formalaşması baxımından perspektivlər yaradır.
Şəhərin yenidən qurulması ilə yanaşı, tarixi-mədəni irsin qorunması da diqqət mərkəzindədir. Zəngilan şəhər məscidinin bərpası milli-mənəvi dəyərlərə ehtiramın və tarixi yaddaşın yaşadılmasının ifadəsidir. Müasir yaşayış məkanlarının yaradılması ilə tarixi irsin qorunmasının uzlaşdırılması rayonun gələcək inkişafına bütöv yanaşmanı nümayiş etdirir. Tarixi abidələrin və mədəni irs nümunələrinin qorunması gələcək nəsillərin doğma torpaqların keçmişi ilə bağlarının saxlanmasına xidmət edir. Bu yanaşma Zəngilanın yalnız fiziki cəhətdən deyil, həm də mənəvi baxımdan dirçəldilməsini nəzərdə tutur.
20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın əzmini, dövlətimizin quruculuq gücünü və doğma torpaqlara bağlılığını nümayiş etdirir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşən Zəngilan bu gün yeni yaşayış məkanları, müasir infrastruktur və iqtisadi layihələrlə gələcəyə doğru irəliləyir. Zəngilanın dirçəlişi Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədin – azad edilmiş torpaqlarda davamlı həyatın, iqtisadi tərəqqinin və firavan gələcəyin qurulmasının bariz nümunəsidir. Hər bir yeni layihə, salınan yol və yaradılan iş yeri bu torpaqlarda həyatın bərpasına, insanların doğma yurda bağlılığının möhkəmlənməsinə xidmət edir. Əminliklə demək olar ki, Zəngilanın gələcək inkişafı Azərbaycanın ümumi tərəqqisinə töhfə verməklə yanaşı, qazanılmış Zəfərin quruculuqla tamamlanan tarixini də zənginləşdirəcək.
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Xəbəri paylaş







































0772703001 