Aprel ayının 23-də İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, təşkilatın İdarə Heyətinin üzvləri Saleh Səmədov, Davud Zülfüqarov, Hüseyn Hüseynov və başqaları, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev iştirak edib.
Mubarizciler.az xəbər verir ki, Toplantıda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyətimizdəki yüksək mövqeyindən bəhs edib, gələcəkdə onların qarşısında duran əsas vəzifələrdən söz açıb. Qeyd edib ki, səhhətində yaranan bəzi problemlərə görə və təşkilatın daha aktiv fəaliyyət göstərməsi üçün o, vəzifəsindən istefa vermək qərarına gəlib. Lakin bir ağsaqqal kimi hər zaman rayonun ictimai-mədəni həyatında yaxından iştirak edəcəkdir.
Tədbirdə Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə Şuranın sədri seçilib.
İmişli Rayon Ağsaqqallar Şurasının yeni sədri Saleh Səmədov göstərilən yüksək etimada görə öz minnətdarlığını ifadə edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu qeyd edən Saleh Səmədov bildirib ki, Şuranın daha uğurlu və aktiv fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəkdir. Saleh Səmədov, həmçinin, Ramiz Əmirovun İmişli Rayon Ağsaqqallar Şurasında gördüyü işləri yüksək dəyərləndirib və vurğulayıb ki, o, bundan sonra da sədr müavini kimi fəaliyyətini davam etdirəcəkdir.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb. Vurğulayıb ki, ağsaqqallarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman xalqımızın mənafeyinə xidmət edən uğurlu daxili və xarici siyasətini bu gün də ürəkdən dəstəkləyir. İmişli Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədri Saleh Səmədovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Əmin olduğunu bildirib, Saleh Səmədovun rəhbərliyi ilə İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətində ciddi canlanma hiss ediləcəkdir.
Konfransda, həmçinin, İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib.
Çıxış edən digər natiqlər də yeni seçilən Şura sədrinə və İdarə Heyətinin üzvlərinə uğurlar diləyiblər.
Konfransdan sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.