Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir - Fotolar
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsinə işgüzar səfərə gedib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.
Nümayəndə heyətini səmimi salamlayan Baş prokurorun birinci müavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıblar.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin Makau Xüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senq ilə görüşüb.
Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını bildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeyd edib.
Kamran Əliyev həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.
Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.
Xəbəri paylaş