Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilməz
Arxalıya arxa durma deməsinlər yamaqdı
Arxasıza arxa dur ki, desinlər ki, dayaqdı
Yazıma Azərbaycanın görkəmli ilk xalq şairi Səməd Vurğunun belə bir dəyərli aforizmi ilə başlamağım heç də təsadüfi deyil.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə, biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk. Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu, xeyirxah əməllərini işıqlandırmaq məqsədilə yola çıxdım. Haqqında qələmə alacağım insan da arxasıza dayaq duran, sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, ələlxüsus şəhid ailələrinə, qazilərə, vetiranlara xüsusi diqqət və qayğı nümayiş etdirən, əsil ziyalı ömrü yaşayan Bərdə Rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədovdur. Şərəfli həyat yolu keçən, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Vüsal həkimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı, deyir Vüsal həkim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Vüsal Məmmədov rəhbərlik etdiyi Bərdə rayon mərkəzi xəstəxanasının bütün tibb personalının hər zaman fikirlərini səbrlə dinləyir, hər kəsə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Vüsal Məmmədovda var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir. Bəli, ona müraciət edən hər kəsə doğma insanı kimi münasibət bəsləyən Vüsal həkim onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Rövşən müəllim dəyişməz qalır. Vüsal Məmmədovun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər,deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Vüsal Məmmədovun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq "Turkdunyasi".az redaksiyasının bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək peşəkarlığı, prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insana, Vüsal Məmmədova sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin və şərəfli işində uğurlar arzulayır, şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Vüsal həkim!
Müəllif: Mübariz Nağıyev.
Turkdunyasi.az İnformasiya Portalının Təsisçisi!
Xəbəri paylaş