Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans təşkil olunub - FOTOLAR
Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, 350 müəllimin iştirakı ilə təşkil edilən konfrans Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Konfransda ilk çıxış edən Gəncə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova gənc müəllimlərin belə vacib mövzuda maarifləndirilmələrinin məqsədə uyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova da çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra başlayan panel müzakirəsində Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyi layihələrin idarə edilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yollarına toxunublar.
Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etmək olub.
Xəbəri paylaş