Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib - Fotolar/Yenilənib
Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.
Mubarizciler.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.
***
Prezident İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
***
Prezident İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
***
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib.
Dövlət başçısına 2020-2023-cü illərdə paylayıcı şəbəkələrdə aparılan bərpa və yenidənqurma işləri, “Azərişıq” ASC tərəfindən tətbiq edilən yaşıl və innovativ texnologiyalar, eləcə də “100 Kənd” layihəsi üzrə regional şəbəkələrdə 150-dən çox yaşayış məntəqəsinin elektrik təchizatının yenidən qurulmasının texniki, iqtisadi və ekoloji səmərəliliyi barədə məlumat verildi. Qeyd olundu ki, paylayıcı şəbəkələrdə yaşıl və innovativ texnologiyaların tətbiqi, o cümlədən ikipilləli şəbəkələrin, mikrogünəş elektrik stansiyalarının, 3D-mobil xəritə, dron monitorinq, smart uçot sistemlərinin, kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi, habelə “100 Kənd” layihəsi üzrə görülən işlər təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına imkan yaradır.
“Hacıalılı” elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub.
Diqqətə çatdırıldı ki, elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq.
Prezident İlham Əliyev “Hacıalılı” yarımstansiyasını işə salıb.
Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz müasir şəbəkə poliqonu və “Yaşıl Enerji” təlim poliqonundan ibarətdir. Şəbəkə poliqonunda kompozit dayaqlar, optik-lifli 35 kV-luq və 0,4 kV-luq kabel xətləri, smart sayğaclar, SK-11 35-0,4 kV-luq şəbəkə idarəetmə sistemi quraşdırılıb. Poliqonda beynəlxalq peşə ustalığı yarışlarına hazırlıq üçün lazımi şərait yaradılıb. “Yaşıl Enerji” təlim poliqonunda isə Günəş və külək enerji mənbələri, ”Azərişıq” ASC-nin Mobil Yaşıl Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq.
Regional Təlim Mərkəzi, həmçinin digər müasir avadanlıqlarla da təchiz edilib, regional şəbəkələrin dispetçer idarəetmə sisteminə inteqrasiya olunub. Dispetçer idarəetmə sistemi mərkəzdən və müstəqil idarəetmə imkanlarına malikdir. Bundan əlavə, Mərkəzdə biri interaktiv olmaqla, iki müasir tədris otağı və tədbirlərin keçirilməsi üçün iclas zalı vardır.
***
Prezident İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə naziri Teymur Musayev dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.
Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub.
Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb.
Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirib ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaradıb.
Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir.
Yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.
Azərbaycanda təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
***
Prezident İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.
Məlumat verilib ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Xəbəri paylaş