Xəyal Məmmədov: Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi uğrunda apardığımız mübarizə salnaməsində 2016-cı ilin Aprel döyüşlərinin xüsusi yeri var.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun hissələri sürətli əks-həmlə əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonları istiqamətində işğal altındakı ərazilərin bir hissəsini azad edildi. Dörd gün (2-5 aprel) davam edən hərbi əməliyyatlar Aprel döyüşləri kimi tarixə düşdü.
Aprel döyüşlərində qalibiyyət 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimizin təməli idi. Həmin döyüşlərdə Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndi sakinlərinin doğma yurda qayıdışı gerçəkləşdi. Bu, Qarabağa Böyük qayıdışın ilk müjdəsi idi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinə xüsusi önəm verərək onu şanlı tariximiz adlandırıb: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.
Aprel döyüşləri Ermənistanın “məğlubedilməz ordu” mifini heçə döndərdi.
Bu döyüşlər, həmçinin dünya ictimaiyyətinə də Azərbaycanın qüdrətli ordusu olduğunu nümayiş etdirdi.
Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsində zəfərimizin bələdçisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Bu qələbənin yekunu olaraq səkkiz il öncə Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu gün Xankəndidə, Şuşada və digər işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Böyük Zəfər dediyimiz də elə budur.
Aprel döyüşləri gələcək qələbədə qəhrəmanlıq estafetinin başlanğıcı oldu. Vətənə sədaqətini canı, qanı ilə sübut etmiş şəhidlərimiz Zəfər bayrağını gələcəyə ötürməklə əbədiyyətə qovuşdular və əfsanəyə döndülər.
Bizə ilk qələbə sevincini yaşadan şəhidlərimizi dərin hörmətlə anır, onların qarşısında baş əyirik.
Xəyal Məmmədov
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.
Xəbəri paylaş