İsax Məmmədov: Aprel döyüşlərində şanlı Qarabağ salnaməsinin ilk səhifələrini xalqımızın igid övladları yazdılar
Keçən əsrin 80-ci illərinin sonunda Ermənistanda şovinist meyillərin güclənməsi, Azərbaycan türklərinə qarşı soyqırımı və deportasiya tədbirlərinin həyata keçirilməsi müharibə ilə nəticələndi. Həmin dövrdə SSRİ rəhbərliyinin himayəsinə sığınan erməni terror dəstələri Qarabağda cəmləşdi. Qarabağda bu terror dəstələri və separatizmi dəstəkləyən xarici qüvvələr tərəfindən münaqişə başlandı. 1991-1993-cü illərdə Azərbaycanda hərbi-siyasi vəziyyətin gərgin olması, mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda gedən mübarizə Birinci Qarabağ müharibəsində məğlubiyyətlə nəticələndi. Qarabağ və Şərqi Zəngəzur 30 illik işğal dövründə erməni faşizminin urbansid, kultursid və ekosid tədbirləri nəticəsində viran edildi. Bu müddət ərzində Azərbaycan Respublikasının xarici siyasətində Qarabağda və Zəngəzurda erməni faşizminin qəddar əməllərini bütün dünyaya təbliğ etmək prioritet məsələ oldu.
Bu fikirləri Mubarizciler.az-a açıqlamasında Gəncə-Daşkəsən Regionala Mədəniyyət İdarəsi Mədəniyyət Müəssisələri ilə iş sektorunun Baş Məsləhətçisi Goranboy rayonu üzrə Nümayəndəsi İsax Məmmədov deyib.
O bildirib ki, bu dövrdə Azərbaycan Respublikası hərbi sahədə həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində bütün regionda ən güclü dövlətə çevrildi. Ordu quruculuğu sahəsində, peşəkar hərbi heyətin yaradılmasında, həmçinin müdafiə sənayesinin inkişafında bir sıra mühüm nailiyyətlər əldə edildi. Nəhayət, böyük Zəfərə doğru ilk addım atıldı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə atəşkəs dövründə növbəti dəfə erməni silahlı qüvvələri bütün cəbhəboyu hücuma keçməyə cəhd etdi. Bu hadisə 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanandan həmin vaxtadək təmas xəttində baş vermiş ən böyük qarşıdurma idi. Azərbaycanın sərhədboyu mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə məruz qoyan düşmən layiqli cavabını almalıydı. Əks-hücuma keçən müzəffər Ordumuz ermənilərin “keçilməz” hesab etdikləri müdafiə istehkamlarını qısa müddət ərzində yarıb keçdi. Şiddətli döyüşlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Cəbhənin ən gərgin döyüşlər gedən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növləri birgə fəaliyyət göstərdilər. Məhz bu cür operativ tədbirlər nəticəsində düşmənin silahlı bölmələrinə qarşı layiqli cavab verildi. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi, Cəbrayıl rayonu ərazisində Lələtəpə yüksəkliyi azad edildi, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Həmçinin Füzuli rayonu istiqamətində Araz çayı boyunca İranla sərhəd ərazilərin təhlükəsizliyi təmin edildi. Ümumilikdə Cəbrayıl, Tərtər və Füzuli rayonlarının 2 min hektardan artıq ərazisi azad edildi.
“Aprel döyüşləri nəticəsində 500 nəfərdən çox erməni silahlısı məhv edilib, qalan hərbçiləri isə döyüş meydanını qoyub qaçıblar. Bu qələbə müzəffər Ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu bütün dünyaya bəyan etdi. Məhz bu döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində fərarilik sürətlə artdı, erməni valideynləri öz övladlarını Azərbaycan torpağında ölməməsi üçün müxtəlif yollara əl ataraq ya xarici ölkələrə göndərir, ya da cəbhə bölgəsindən uzaqda hərbi xidmət keçməsinə çalışırdılar. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri xalqımızın müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan minlərlə vətənpərvər, igid oğullar yetişdirdiyini bir daha sübut etdi. Təsadüfi deyil ki, bu döyüşlər zamanı öz qəhrəmanlıqları ilə tanınmış peşəkar hərbçilər general Mais Bərxudarov və polkovnik Şükür Həmidov 2020-ci ilin payızında torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin yenidən ön sırasında idilər. Belə vətənpərvər igidlərimizin başlıca arzusu doğulduqları torpaqların azad edilməsi uğrunda gedən müqəddəs savaşda yalnız ön cərgədə olmaq idi. Aprel döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidov 44 günlük Vətən müharibəsində ata yurdu Qubadlıyadək şanlı döyüş yolu keçərək, məhz doğma kəndinin yaxınlığında qəhrəmancasına həlak oldu. Bu cür qəhrəmanlar öz ölümsüz əməlləri sayəsində sübut etdilər ki, Azərbaycanın ərazi bütövlüyü əbədi və sarsılmazdır. 2016-cı ilin aprelində şanlı Qarabağ salnaməsinin ilk səhifələrini xalqımızın igid övladları yazdılar”, - deyə İsax Məmmədov bildirib.
Xəbəri paylaş