Samir Qocayev: Tarix saxtakarlığı sevmir və faktlara əsaslanır
Tarixin hansı səhifəsini vərəqləsək orada ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınların, sayı minlərlə ölçülən terror qurbanlarının, günahsız insanların acı taleyi barədə məlumata rast gəlmək olar. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiası nəticəsində yaranan Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın dövrdə Azərbaycanın ədalətli mövqeyinin, haqq işinin müdafiəsi istiqamətində atılan addımlar ermənilərin törətdikləri soyqırımların bütün dünyada tanıdılmasına geniş imkanlar açdı. Tarix göstərdi ki, bir cinayət cəzasız qalanda digər cinayətə zəmin yaranır. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları Ermənistana sanksiyalar tətbiq etmək imkanında olmalarına baxmayaraq, susmaqla hansı problemlərə yol açdıqlarının fərqində idilər. Ermənistan son illərdə bu dəstəkdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planını hazırladı. Dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların susmaları, seyrçi mövqeləri Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına da geniş yol açmışdır. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatı açıq-aşkar münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünə işarə idi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, rəşadətli Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini işğalçı Ermənistana və ona dəstək göstərən dövlətlərə nümayiş etdirməklə yanaşı, tarixi saxtalaşdırmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünü də açıqladı. Sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur, tarix saxtakarlığı sevmir və faktlara əsaslanır.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri.
Xəbəri paylaş