Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Tarix heç zaman unudulmur, həm də yazılır

Tarix: 30-03-2024 17:25     Baxış: 2 394

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar Azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. O qanlı tarixdən bir əsrlik vaxt ötsə də Azərbaycan xalqı bu vəhşəti hələ də unutmamışdır.

1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir.

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 mindən çox azərbaycanlı Ermənistandan amansızcasına, görünməmiş vəhşiliklərə məruz qalaraq qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilmişdir.

Ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları 44 günlük Vətən Müharibəsindəki şanlı qələbədən sonra öz çıxışlarının birində: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla da, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev: “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir”.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlara atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, 31 Mart soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. “Xocalıya ədalət” kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.


Xəyal Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar