Xəbər lenti
18-11-2024, 12:06
 

Metsamor AES aktiv seysmik zonada tikilib və böyük təhlükə mənbəyidir - ŞƏRH

Tarix: 22-03-2024 22:32     Baxış: 910

Biz Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin başa çatması və yararsız vəziyyətdə olması ilə əlaqədar müxtəlif təşkilatlara, beynəlxalq qurumlara dəfələrlə müraciətlər ünvanlamışıq, beynəlxalq tədbirlərdə bu stansiyanın Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaratdığı ilə bağlı fikirlər səsləndirmişik. Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Bu fikirləri Mubarizciler.az-a açıqlamasında “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov Ermənistanda qəza vəziyyətində olan Metsamor AES-in törətdiyi qlobal təhlükəyə diqqət yetirmək barədə Nüvə Enerjisi Sammitinin rəhbərliyinə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin ünvanladığı açıq məktubunu şərh edərkən səsləndirib.

QHT sədri deyib ki, vaxtilə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min nəfər insan cəlb olunmuşdu. 1986-cı il aprelin 26-da baş vermiş həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə baxmayaraq, onun fəsadları indiyədək qalmaqdadır. Belə ki, qəza nəticəsində böyük ərazi xarabalığa çevrildi. Həm qəzanın ləğvi işlərində iştirak edən, həm də ərazidən köçürülən təxminən 100 minlərlə insan və onların sonradan dünyaya göz açan övladları müxtəlif ağır xəstəliklərə tutuldu. Xeyli sayda insan dünyasını dəyişdi və ya ciddi xəstəliklərə düçar oldu. Çernobıl faciəsindən sonra Metsamor AES-in və ümumiyyətlə, bu tipli atom elektrik stansiyalarının fəaliyyətinin dayandırılması məsələsi həllini hələ də tapmayıb.

Qeyd olunub ki, Metsamor aktiv seysmik zonada inşa edilib və mümkün qəza nəticəsində orada hər an ciddi təhlükəli dağıntılar baş verə bilər. Bu dağıntılar nəticəsində nələrin baş verə biləcəyini beynəlxalq ictimaiyyət anlamalıdır. 1989-cu ildə istismarı dayandırılan Metsamor AES altı il sonra Ermənistan hökuməti tərəfindən yenidən işlək vəziyyətə gətirildi. Sonralar Metsamor AES-in iki blokundan birincisinin istismarı mümkün olmadığından onun fəaliyyəti dayandırıldı. Hazırda yararsız vəziyyətdə olan stansiyanın ikinci blokunun istismarı həyata keçirilir. Hətta stansiyanın istismar müddəti artırılır. Metsamor AES-i istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti onun ömrünü süni şəkildə uzatmağa çalışır. Yəni, Metsamor çox böyük təhlükə mənbəyidir ki, biz hazırda QHT olaraq bu məsələlərlə əlaqədar ciddi şəkildə tədbirlərin görülməsini zəruri hesab edirik. Beynəlxalq təşkilatlara etdiyimiz müraciətlərlə yanaşı, həm Azərbaycanda, həm də digər ölkələrdə xarici QHT-lərin dəstəyi ilə müvafiq aksiyaların keçirilməsinə nail olmalıyıq ki, Metsamor AES-in fəaliyyətinə mütləq şəkildə xitam verilsin.

“Hesab edirəm ki, Çernobıl faciəsinə bənzər dəhşətli hadisənin təkrarlanması, bütövlükdə bəşəriyyət, xüsusilə region dövlətləri üçün böyük təhlükəyə çevrilər. Ona görə də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin çoxsaylı üzvləri adından dəfələrlə göndərdiyimiz müraciətlərə, eyni zamanda, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ilə birgə Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladığımız açıq məktuba hörmətlə yanaşılmasını tələb edirik. Bu, bəşəriyyəti düşündürən ciddi məsələ olduğundan Çernobıl AES-in fəsadlarından zərər çəkmiş və hazırda onun əzabını yaşayan insanlar bir daha beynəlxalq təşkilatlara müraciət ümvanlayaraq, Metsamorla bağlı çox ciddi qərarların qəbul olunmasını tələb edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin də Metsamor AES-in istismar müddətinin başa çatması ilə bağlı dəfələrlə ortaya qoyduğu mövqeyə, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin beynəlxalq təşkilatlarda müzakirələr zamanı səsləndirdikləri fikirlərə baxmayaraq, onlar bu məsələyə ciddi yanaşmayıb və onun həllinə nail olunmayıb. Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər”, - deyə İctimai Birliyin sədri vurğulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar