Hər bir insan cəmiyyətdə öz yerini biləndə daha yaxşı olur
Tam səmimiyyətlə deyirəm ki, mənim üçün istər rəhbər vəzifədə, istərsədə sıravi işçi kimi peşə fəaliyyətimdə heç bir çətinliyim olmayıb. Çətinlik yaradan ancaq bəzi savadsız, özlərini hər bir varlıqdan üstün tutan, dəbdəbəli yaşayışa üstünlük verən və lovğa "rəhbərlər" olub. Əsas odur ki, harada olmağından asılı olmayaraq hər bir insan çiynində gəzdirdiyi məsuliyyəti dərk etməyi bacarmalıdır. Onun işindən cəmiyyət xeyir görməlidir. İstənilən hərəkət qanunlara, sivil dövlət quruculuğuna xidmət etməlidir. Mən ulu öndər Heydər Əliyevin dövründə tələbə olmuşam, sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif işlərdə fəaliyyət göstərmişəm. Hər zaman onu gözləmişəm ki, Dövlət xidmətində mənim timsalımda heç bir tanıdığım və bildiyim insanlar rəhbərimdən narazı qalmasın. Özümdən daha çox təmsil olunduğum Dövlət xidmətinin, dövlətin və xalqımızın nüfuzunu fikirləşmişəm. Heç vaxt mənfi obrazda nümunə olmamışam. Heç bir iş mənə çətin olmayıb. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır. 18 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırılır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamlar vəzifələrə təyin edilir. Əgər bir kadr qüsursuz 18 il xidmət edibsə, demək ki, dövlətinə və calışdığı Dövlət qurumuna sədaqətli olub. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.
Əli İbrahimov
Hüquqşünas.
Xəbəri paylaş