Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru ölkəmizdə səfərdədir - Foto
Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraçı Direktoru Yanne Holst Hübner ölkəmizə işgüzar səfərə gəlib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Qonağı səmimi salamlayan Baş prokuror, IAP-ın vitse-prezidenti Kamran Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi rəqəmsallaşma sahəsində görülən işlər barədə məlumatlandırıb.
2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək IAP-ın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Baş prokuror həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verərək, İAP-ın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.
Yanne Holst Hübner səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib.
İcraçı direktorun ölkəmizə işgüzar səfəri davam edir.
Xəbəri paylaş