Azərbaycan Prezidenti və ATƏT-in Baş katibi Münxendə görüşdülər - Yenilənib
Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.
Mubarizciler.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunulub. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb. Dövlət başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.
Xəbəri paylaş