Prokurorluq əməkdaşları və media qurumlarına mükafatlar təqdim olunub - FOTO
Fevralın 16-da Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən təltif edilmiş, həmçinin Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev ölkə başçısı cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qalib gəlməsi ilə əlaqədar prokurorluq əməkdaşları və tədbir iştirakçılarını təbrik edərək fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı proqram xarakterli çıxışında ölkəmizin gələcək inkişafına hesablanmış konseptual məsələlər və həlli vacib olan proseslərlə bağlı səsləndirdiyi fikirlərin müasir dövrdə Respublikada qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizlik və asayişin təmin olunması sahəsində prokurorluq orqanları qarşısında yeni vəzifələr qoymasından bəhs edib, ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması, hüquqi dövlət quruculuğu naminə bundan sonrakı fəaliyyətində də prokurorluq orqanlarının siyasi kursa sadiq qalacağını, verilən tapşırıq və tövsiyələrə dönmədən əməl edəcəyini xüsusilə vurğulayıb.
Qeyd olunub ki, xalqımızın qalib lideri cənab İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, o cümlədən gənc nəslin milli-mənəvi, vətənpərvər ruhda tərbiyəsinə dair fəaliyyət prokurorluq orqanlarında da gender bərabərliyi təmin olunmaqla prioritet məsələlər sırasında yer tutur.
Dövlət quruculuğunun Heydər Əliyev strategiyasını yeni müstəvidə və müasir məzmunda inkişaf etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərildiyi, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasim zamanı, ölkə başçısı cənab İlham Əliyevin xidməti vəzifələrinin icrasında fərqlənmiş və peşəkarlıq göstərmiş prokurorluq əməkdaşlarına müvafiq medallar təqdim olunub.
Daha sonra “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydası barədə Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat verib.
Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Hümmət-zadəyə və “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Lənkəran rayon məhkəməsi üzrə) Zamil Mehralıyevə Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.
Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.
Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2023-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti, “Bakinski raboçi” qəzeti və “e-huquq.az” informasiya portalı “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.
Mərasim çərçivəsində, xalqımızın Ümummili lideri müasir Azərbaycanın memarı böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev və prokurorluq” adlı kitabın təqdimatı olmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin növbədənkənar Prezident seçkilərində qalib gəlməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək prokurorluq orqanlarında aparılan islahatların cəmiyyət tərəfindən müsbət qarşılandığını qeyd edib, hüquqi dövlət quruculuğunda prokurorluğun iştirakının əhəmiyyətindən bəhs edib. Xalq yazıçısı prokurorluq orqanları tərəfindən ərsəyə gətirilmiş kitabla barədə təəsüratlarını bölüşərək, kitabda zəngin məlumatların yer aldığını, nəşrin prokurorluq və digər hüquq-mühafizə orqanlarının işçiləri, prokurorluğun fəaliyyəti ilə maraqlanan oxucular və geniş hüquq ictimaiyyəti üçün faydalı və sanballı məlumat mənbəyi olacağından əminliyini ifadə edib.
Tədbirdə, həmçinin, 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülən işlər və əldə olunmuş nailiyyətlərə həsr olunan hesabat xarakterli videoçarx nümayiş olunub.
Xəbəri paylaş