Saleh Səmədov: Xalq Prezident İlham Əliyevə inanır, öz taleyini ona etibar edir
2003-cü ildə - müstəqillik tariximizin ən həlledici məqamında Azərbaycan xalqı düzgün seçim edərək Ulu Öndərimizin layiqli varisi İlham Əliyevi prezident seçdi, bununla da Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs vermiş oldu. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmazdı, xalqımız, dövlətimiz hansı təhlükələrlə üzləşəcəkdi. Bu, bir daha təsdiqləyir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin, xüsusilə Azərbaycan kimi gənc müstəqil ölkənin özünü təsdiqləməsi, irəliləməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür.
Xalq Prezident İlham Əliyevə inanır, öz taleyini ona etibar edir. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.
Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu.
Son 20 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.
İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib.
Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.
Xoş arzularla: Saleh Mehralı oğlu Səmədov
"Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP İmişli rayon təşkilatı “Energetik-1” Ərazi Partiya təşkilatının sədri .
Xəbəri paylaş