Rəşad Tağıyev: "Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq”
Şəhid Orxan Əlilinin xatirəsi doğum günündə əbədiləşdirilib
Mubarizciler.az xəbər verir ki, Vətən müharibəsinin şəhidi Orxan Elşad oğlu Əlilinin xatirəsi doğum günündə boya-başa çatdığı Qapanlı kəndində əbədiləşdirilib.
Şəhidin xatirəsinə həsr olunmuş abidə-bulaq kompleksinin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər
Mərasimdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən söz açıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad etdilər: "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq”.
Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Şəhidimizin abidə-bulaq kompleksinin açılış mərasimindən sonra Rəşad Tağıyev Qapanlı kəndinin şəhidlərinin xatirəsinə ucaldılmış kəndin mərkəzində yerləşən Şəhidlər Abidəsini ziyarət edib.
İcra başçısı daha sonra şəhid Orxan Əlilinin ailə üzvlərinə baş çəkib, onların istək və qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş