Sumqayıt şəhərində seçicilərlə görüş keçirildi - FOTO
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Sumqayıt şəhərində yaşayan Kəlbəcərli sakinlərlə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcərli ziyalılar, Şəhid ailələri, qazilər və Kəlbəcərli sakinlər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüşdə Dövlət başçısı İlham Əliyevin 20 illik fəaliyyətindən, tarixi qələbəmizdən söhbət açılıb. Natiqlər qeyd edib ki, Azərbaycanın iqtisadi və hərbi qüdrəti gündən-günə artır, xalqımızın rifah halı yüksəlir və son 20 ildə əldə olunmuş bu uğurların əsas səbəbkarı Qalib xalqın Qalib Lideri İlham Əliyevdir. Bu gün bütün xalqımız ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə qürur duyur.
Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını
təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbəri paylaş