Vətən müharibəsi qazisi: “Səsvermə gününü səbirsizliklə gözləyirik” - FOTO
Vətən müharibəsi qazisi: “Səsvermə gününü səbirsizliklə gözləyirik”
“Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda prezident seçkilərinin keçirilməsi ölkəmiz üçün həm bir ilk, həm də əlamətdar hadisədir”.
Bunu Mubarizciler.az saytına açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Elnur Xəlilov deyib.
O, həmçinin bu siyasi prosesə şahidlik etməyin, fevralın 7-də seçkilərdə seçici kimi iştirak edib səs verməyin də tarixi hadisə olduğunu söyləyib: “Bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda yaşamaq, bu ölkənin vətəndaşı olmaq hər birimiz üçün sevindirici və qürurvericidir. Təbii ki, biz bu qürurumuzu qanımız və canımız hesabına qorumuşuq. Bugünlərdə seçkilərin keçiriləcəyi Qarabağ və Şərqi Zəngəzur sinəsini düşmən gülləsinin qarşısında sipər edən Azərbaycan gənclərinin sayəsində azad olunub. Canımızı, sağlamlığımızı itirsək də, milli kimliyimizi, soy-kökümüzü, milli dəyərlərimizi qorumuşuq və ədaləti bərpa etmişik. Belə olan halda prezident seçkilərinin keçirilməsi Vətənimiz adına yeni bir tarixdir. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, torpaqlarımız işğal altında olmadan prezident seçkiləri keçirilir”.
E.Xəlilov deyir ki, növbədənkənar prezident seçkiləri onun qazi yoldaşları arasında da böyük rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, seçki günü yaxınlaşdıqca seçicilər arasında həyəcan da artır:
“Azərbaycanda demokratik seçki mühitinin formalaşmasında xalqın böyük rolu var. Əminəm ki, bu dəfə də ölkəmizdə seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi tam təmin ediləcək. Həm döyüş yoldaşlarımız, həm də ümumilikdə müharibə iştirakçıları və qazilər səsvermə gününü səbirsizliklə gözləyir. Bununla yanaşı, bütün qazi və müharibə iştirakçılarını seçkilərdə aktiv iştirak etməyə səsləyirəm”.
Xəbəri paylaş