İlqar Məhərrəmov: 20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsidir 0
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 34 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş, 744-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...
Bu il xalqımız 20 Yanvar hadisələrinin 33-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar şəhidlərinini xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Qanlı 20 Yanvar hadisələri eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 Yanvar faciəsi Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq edən hadisə oldu. Məhz bu hadisə müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı və Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsi prosesində dönüş nöqtəsi oldu. Bu qanlı faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək, dönməz xarakter aldı və xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk dəfə olaraq ümumxalq faciəsinin tanıdılması naminə mərkəzləşdirilmiş qaydada təşkilatlanmağa başladılar. Həmçinin 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıqlar süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Bu proseslər nəticə etibarı ilə XX əsrin sonlarına qədər dünyanın ən güclü siyasi təşkilatlarından biri olan Sovet İttifaqı Kommunist Partiyasının süqutuna səbəb oldu. Həmin dövrdə Azərbaycan SSR-in dövlət və partiya rəhbərləri sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Bütün bunlar xalqın kommunist partiyasına və mövcud rejimə qarşı nifrətini son həddə çatdırdı və partiya üzvləri kütləvi şəkildə onun sıralarını tərk etməyə başladılar. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
İlqar Məhərrəmov
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi.
Xəbəri paylaş