Baş Prokurorluq və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə təlim keçirilib - FOTO 0
Yanvarın 17-də Azərbaycan Respublikası Baş Prokurorluğu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “Əsas insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda təlim keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Təlimdə iştirak edən ümumilikdə 64 nəfər mediatora Baş Prokurorluğun əməkdaşları tərəfindən prokurorluq orqanlarının ümumi fəaliyyəti barədə məlumat verilmiş, mediasiya haqqında qanunvericiliyin pozulması, inzibati xətalar və cinayət qanunvericiliyi normalarının tətbiqi halları, ağır və xüsusilə ağır cinayət hadisələri barədə məlumat vermə mexanizmi, yetkinlik yaşına çatmayanlar və qadınların hüquqlarının müdafiə edilməsi, məişət zorakılığı hallarının aşkar edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, korrupsiya və vəzifə cinayətləri mövzuları ətrafında seminarlar keçirilmişdir.
Təlimdə həmçinin qarşılıqlı fikir mübadiləsi əsasında mediasiya haqqında qanunvericiliyin inkişafı perspektivi, mediasiya prosesinin rəqəmsallaşdırılması sahəsində Baş Prokurorluğun təcrübəsinin tətbiqi məsələləri müzakirə edilmişdir.
Təlimin sonunda iştirakçılara Baş Prokurorluğun sertifikatları təqdim edilmişdir.
Xəbəri paylaş