Xəbər lenti
18-11-2024, 12:06
 

20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verilmişdir 0

Tarix: 18-01-2024 12:04     Baxış: 1 148


Ümummilli Lider Heydər Əliyev: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.  Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi (https://e-qanun.az/framework/8820). Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib (https://e-qanun.az/framework/4690). “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına (https://e-qanun.az/framework/11356) əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.”.20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar