Xəbər lenti
18-11-2024, 12:06
 

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilmişdir - FOTO 0

Tarix: 15-01-2024 22:23     Baxış: 1 400

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

 Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk öncə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, daha sonra şəhidlər xiyabanını ziyarət edən gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini yad etmişlər.

  Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər. 

  Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

  Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev yola saldığımız 2023-cü ilin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf etməsinin yüksək tarixi əhəmiyyətə malik olduğunu, bununla yanaşı, Ulu öndərin irsini öyrənməyin, onu təbliğ etməyin, bu irsdən faydalanmağın, onu gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olmaqla, təkcə “Heydər Əliyev ili” çərçivəsində deyil, bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyini, bu il çərçivəsində digər dövlət qurumları kimi prokurorluq orqanları tərəfindən də, dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə istiqamətlənmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlərin, o cümlədən müxtəlif konfransların, dəyirmi masaların, görüşlərin, açıq qapı tədbirlərinin və s. təşkil olunduğunu, film çəkildiyini və nəşrlər çap edildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı və gələcəyə hesablanmış məqsədyönlü tədbirlər müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. 

  Ulu Öndərin siyasi kursunun və ideyalarının layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində atılan addımların böyük əzm və qətiyyətlə davam etdirilərək möhtəşəm uğurlara nail olunduğu, 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixli Sərəncamla “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş ən böyük töhfə olmaqla, növbəti ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP) xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılmışdır.

  Xüsusi vurğulanmışdır ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan əzəli torpaqlarımız işğaldan azad edilmiş, 23 aprel 2023-cü il tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması, daha sonra 19 sentyabr 2023-cü il tarixdə başlanıb 24 saatdan az müddətdə davam edən lokal xarakterli anti-terror əməliyyatı ilə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində bərpa edilmişdir.

  Həmçinin, ötən il oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması və 08 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində keçirilən Zəfər paradı ilə dövlət başçısı cənab İlham Əliyev ərazi bütövlüyümüzün bərpası barədə Azərbaycan xalqına verdiyi sözü, Azərbaycan xalqı qarşısında özünün ən müqəddəs tarixi missiyasını yerinə yetirmişdir.

  Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən Müharibəsi və ondan sonrakı Zəfərlərin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə, Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın əsasını qoyduğu və həmin ərazilərin dirçəlməyə başladığı diqqətə çatdırılıb.

  Baş prokuror bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq, keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların Azərbaycan Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Prezident cənab İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

  Qeyd olunmuşdur ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 11 aprel 2023-cü il tarixdə Baş Prokurorluq tərəfindən elan edilmiş 25-ci müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 52 gənc hüquqşünas qulluğa qəbul edilmişdir.

  Xüsusi qeyd edilmişdir ki, qulluğa qəbul olmuş gənclərdən 3-ü Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər. Eyni zamanda, qeyd edilmişdir ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 4 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 21 nəfər Vətən müharibəsi iştirakçısı qulluğa qəbul edilmişdir. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanmışdır.

  Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar təntənəli surətdə and içmiş və onlara Baş prokuror Kamran Əliyev tərəfindən xidməti vəsiqələr təqdim olunmuşdur.

 Çıxış edən ADA universitetinin rektoru, professor Hafiz Paşayev işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.

  Prokurorluq əməkdaşlarının daim ədalətin keşiyində dayandığını vurğulayan professor Hafiz Paşayev Ermənistanın Azərbaycan Respublikası ərazisində törətdiyi cinayətlərin istintaqı və beynəlxalq ictimaiyyət qarşısında ifşası naminə prokurorluq əməkdaşlarının fədakar fəaliyyətini xüsusi qeyd etmişdir.

  Bundan başqa, ölkəmizdə sahibkarların investisiya təminatının gücləndirilməsi məqsədilə dövlət tərəfindən son illərdə mühüm islahatlar aparıldığını, əlverişli investisiya mühitinin formalaşdırılmasının, iqtisadiyyatın müxtəlif sahələri üzrə investisiya fəaliyyətinin təşviqi və genişləndirilməsinin daim dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edən Hafiz Paşayev prokurorluq orqanlarında buna həssaslıqla yanaşıldığını bildirmiş və işə qəbul olunan gənc əməkdaşların da bu sahədə qanunçuluğun təmin olunmasına müsbət töhvələr verəcəyinə əminliyini ifadə etmişdir.

  Vurğulanmışdır ki, ADA Universiteti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında imzalanmış birgə əməkdaşlıq haqqında memorandumun icrası uğurla davam etdirilir.

  Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Aytac Əkbərova, Murad İsgəndərov və Vətən müharibəsinin iştirakçısı Orxan Məmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

  Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

  Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə etmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar