Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim keçirilib - FOTO 0
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 2023-cü ildə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim təşkil edilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Ötən ilin dekabr ayının 11-dən əyani şəkildə davam edən icbari təlim cari ilin yanvar ayının 9-da yekunlaşıb.
İlkin peşə vərdişlərinin formalaşdırılmasına xidmət edən təlim cinayət hüququ, cinayət prosesi ilə yanaşı, əməliyyat-axtarış fəaliyyəti, kriminologiya, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən ümumilikdə 80-dən çox mühazirə və praktiki məşğələləri özündə ehtiva edib.
Praktiki biliklərin əhəmiyyətini nəzərə alaraq, təlim çərçivəsində namizədlər Bakı şəhərinin tabe rayon prokurorluqlarında keçirilən istintaq hərəkətlərini real şəraitdə müşahidə edib, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanası, eləcə də Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin fəaliyyəti ilə yaxından tanış olublar.
Gənc hüquqşünasların vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, təlimdə bir çox mədəni-maarifləndirici tədbirlərə üstünlük verilmiş, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini təbliğ edən Heydər Əliyev Mərkəzi, Baş Prokurorluğun muzeyi, Tarixi-memorial qalereyası və kitabxanası ilə tanışlığa xüsusi diqqət ayrılıb.
İcbari təlimi müvəffəqiyyətlə başa çatdırmış namizədlərə müvafiq şəhadətnamələr təqdim edilib.
Xəbəri paylaş