Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib - FOTO 0
Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına dair əməliyyat müşavirəsi keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qeyd edildiyi 2023-cü ilin parlaq illərdən biri olduğunu qeyd edib.
Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edildiyini diqqətə çatdıran Baş prokuror 2023-cü ildə ardıcıl hərbi-siyasi uğurların baş verməsi, o cümlədən 2023-cü ilin aprel ayında Ermənistan və Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması, daha sonra isə 19 sentyabr 2023-cü il tarixdə 24 saatdan da az davam etmiş lokal xarakterli antiterror əməliyyatının keçirilməsi nəticəsində Respublikamızın ərazisində olan bütün terror yuvalarının tamamilə ləğv edildiyini, separatçılıq meyllərinə birdəfəlik son qoyulduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, ötən il oktyabr ayının 15-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına çevrilib, şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, 5 mindən artıq məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb və bu proses davam etməkdədir.
Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Müşavirədə diqqətə çatdırılıb ki, 2023-cü il prokurorluq orqanları üçün də uğurlu il olub. Əlavə edilib ki, 2023-cü ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümumilikdə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb.
Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin əsas modullarının ötən il aprelin 1-dən istifadəyə verildiyini qeyd edən Baş prokuror hazırda yeni modulların yazılması və işlək modulların isə təkmilləşdirilməsi işləri aparıldığını vurğulayıb.
Xüsusi ilə vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binaların açılışı baş tutub, hazırda isə Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.
2023-cü ildə Baş Prokurorluğun digər dövlətlərin prokurorluq orqanları ilə beynəlxalq hüquqi əməkdaşlığına toxunan Baş prokuror qeyd edib ki, 2023-cü il ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Prokurorlarının Məşvərətçi Şurası, Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilib, Baş Prokurorluğun rəhbərliyinin və digər məsul şəxslərinin xarici ölkələrə 16 səfəri, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin Baş Prokurorluqda 35 qəbulu təşkil olunub, bir sıra xarici ölkələrin prokurorluq və digər hüquq-mühafizə orqanları ilə ikitərəfli əməkdaşlıq barədə sənəd layihələrinin hazırlanması, razılaşdırılması və bağlanmasının təşkili təmin edilib.
Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 02 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
2023-cü ildə normayaratma təşəbbüsü ilə bağlı fəaliyyətə toxunan Kamran Əliyev Baş Prokurorluq tərəfindən 28 normativ hüquqi akt layihəsi hazırlanaraq göndərildiyini, ötən il ərzində Baş Prokurorluqdan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 6 sorğu və 8 rəy verildiyini, Baş Prokurorluq tərəfindən hazırlanmış qiyabi məhkumetmə ilə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edildiyini nəzərə çatdırıb.
Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrindən ibarət cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət faktlarına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin icraatında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir.
Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2023-cü ilin nəticələrinə görə artım müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunub.
Sonda 2023-cü ildə görülmüş işlərin vəziyyətinin ümumiləşdirilərək nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2024-cü ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.
Xəbəri paylaş