Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR 0
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
Bundan başqa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevi təbrik edib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm”.
Eyni zamanda, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır.
İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.
Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm.
Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə - prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.
Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.
Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.
Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və dayanıqlı tərəqqi arzulayıram”.
10:53
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu, əziz qardaşım.
Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, bizə qardaş xalqın müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və bunu xüsusi olaraq etiraf edirik.
Sizin adınız Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır.
Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi.
Heç şübhəsiz ki, cari ilin avqust ayında bənzərsiz Azərbaycana dövlət səfərim əsnasında Sizinlə qarşılıqlı etimad və səmimilik ruhunda apardığımız danışıqlar, əldə etdiyimiz mühüm razılaşmalar, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılış mərasimində birgə iştirakımız genişmiqyaslı ikitərəfli münasibətlərimizdə parlaq iz buraxmışdır.
Fürsətdən istifadə edərək, bu yaxınlarda gözəl Bakıda Sizin təşəbbüsünüzlə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının birinci Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi münasibətilə Zati-alinizi bir daha təbrik edərək xüsusi vurğulamaq istərdim ki, həmin beynəlxalq tədbir regionumuzun ümumi inkişafının təmin olunmasına xidmət edəcəkdir.
Əminəm ki, birgə səylərimizlə çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi mənafeyi naminə gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizi - əziz qardaşımı həyatınızın bu sevincli günü münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram”.
Xəbəri paylaş