Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib - FOTO 0
Dekabrın 14-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti, sayca doqquzuncu iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
İclasda müvafiq dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiyaları, elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslarla yanaşı, ölkəmizdə təcrübə mübadiləsi ilə səfərdə olan Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti də iştirak edib.
Giriş nitqi ilə çıxış edən Baş prokuror müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, mübariz xalqımızın dəstəyi ilə rəşadətli ordumuz tərəfindən ölkə suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu, üç rəngli bayrağımızın Xankəndi şəhərimizdə dalğalanması ilə əbədiyyət qazandığını, genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin artıq Xankəndi, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrini əhatə etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, Qarabağda mövcud olmuş ali təhsil ənənələrinin davamı olaraq, ölkə başçısı cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Əminliklə həmin universitetin bölgənin elm və təhsil mərkəzi olacağı, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərinə uyğun regionda yüksəkixtisaslı kadrların hazırlığına öz layiqli töhfəsini verəcəyi bildirilib.
Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi”, “Azərbaycan Respublikasının Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı vəsaitlərin təqdimatı həyata keçirilib.
Şura iclasının növbəti hissəsində istintaq-məhkəmə, eləcə də cinayət təqibindən kənar fəaliyyət təcrübəsindən irəli gələn aktual məsələlərin müzakirəsi aparılıb.
İclasın yekun hissəsində müxtəlif hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Xəbəri paylaş