Sabit Səmədov: Dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin zamana sığmayan zəngin siyasi irsi ölkəmizin dünəni, bu günü və gələcəyinə işıq salır 0
Tarixdə elə günlər vardır ki, həmin günlər xalqın, ölkənin tarixində əsaslı dönüş nöqtəsinə çevrilməklə onun gələcək inkişafında çox böyük əhəmiyyət kəsb edir. Belə günlərdən biri də 1993-cü ilin oktyabr ayının 3-dür.
Tarixin bu günü xalqımız, ölkəmizi məhvə sürükləyən qaranlıqlardan işıqlı sabaha doğru ilk addım ataraq taleyini və ölkəmizin gələcəyini öz layiqli Liderinə əmanət etdi. Həmin gün keçirilən Prezident seçkilərində xalqımız böyük səs çoxluğu ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçərək ölkəmizdə sabitliyə, sosial-iqtisadi tərəqqiyə, uğurlu və parlaq gələcəyə doğru yollar açdı. Xalqın mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasınıın Prezidenti seçilən Ümümmilli Lider Heydər Əliyev Azərbaycanın və Azərbaycan xalqının tale yükünü yenidən öz çiyinləri üzərinə götürərək vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu Öndər özünün andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” O, xalqın göstərdiyi yüksək etdimadı fəaliyyətinin bütün istiqamətlərində layiqli şəkildə doğruldaraq öz andına və xalqına sadiqlik nümayiş etdirdi. Heydər Əliyev həmin gün təkcə Prezidentlik fəaliiyyətinə deyil, həmçinin xalqın xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Çünki həmin günlərdə xalq xilas yolunu,nicat yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü. 1991-1993-cü illərdə o zamankı ölkə rəhbərliyinin – AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkəmiz xaos, anarxiya, siyasi hərcmərclik, qeyri-peşəkar idarəetmə mühitində məhvə sürüklənirdi. Belə bir mürəkkəb şəraitdə torpaqlarımızın böyük bir hissəsinin ard-arda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi mövcud vəziyyəti daha da çətinləşdirirdi. Heydər Əliyev böyük siyasi ustalıqla ölkəni məhz belə bir mürəkkəb vəziyyətdən çıxararaq müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, bir sözlə, dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər aradan qaldırılmışdır. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı. O hər bir tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu baxımdan əminliklə demək olar ki, Heydər Əliyev fenomenal şəxsiyyət idi. Onun fenomenallığı siyasi uzaqgörənliyində, müdrikliyində, fitri istedadında, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə özünü göstərirdi. Həm daxili, həm də xarici siyasətdə özünün zəngin dövlətçilik təcrübəsinə, eləcə də beynəlxalq hüquq normalarına əsaslanaraq qətiyyətli addımlar atması onun yüksək siyasi təcrübəsindən xəbər verirdi. Heydər Əliyev yüksək siyasi təcrübəsinə əsaslanaraq qısa müddət ərzində ölkədə daxili sabitliyi bərqərar etdi, dövlətçiliyin təməllərini möhkəmlətdi, müstəqil dövlətimizin ilk Konstitusiyası ilə yanaşı eyni zamanda ölkənin sosial-iqtisadi inkişafını, ölkəyə investisiya axınını, rəqabətqabilliyətlətli iqtisadi mühitin yaradılmasını təmin etdi. 1994-cü ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoymala yanaşı, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində məqsədyönlü və uzaqgörən fəaliyyət, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Ulu Öndərin xarici siyasət kursunun ən başlıca istiqamətlərindən birinə çevrilmişdir. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin zamana sığmayan zəngin siyasi irsi ölkəmizin dünəni, bu günü və gələcəyinə işıq salır.
Sabit Səmədov
İmişli rayon Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru.
Xəbəri paylaş