Fuad Zamanov: Yeni Azərbaycan Partiyası ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilib 0
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1993-cü ildən sonra ictimai həyatın müxtəlif sferalarına aid islahatların uğurla həyata keçirilməsi yeni bir tarixi mərhələnin baəlanğıcı oldu. Ölkədə demokratik ənənələrin, azad iqtisadi məkanın, sivil siyasi münasibətlərin bərqərar edilməsi istiqamətində atılmış addımlar Azərbaycanı qısa vaxt ərzində dərin tarixi burulğanların əhatəsindən qoparaq siyasi sabitlik və iqtisadi inkişaf dövrünə çıxara bildi. Məhz, bu dövrdə Yeni Azərbaycan Partiyası öz əzmkarlığı, qətiyyəti, ardıcıl və sistemli fəaliyyəti ilə respublikanın siyası həyatında özünəməxsus yerini tutaraq, milli dövlət quruculuğu prosesinin alternativsiz müəllifinə çevrildi. XX əsrin sonlarında – dünyanın demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioriteti kimi qəbul və dərk etdiyi bir dövrdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin nə qədər çətin və məsuliyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. 1993-cü ildən sonra respublikanın həyatında baş vermiş mühüm dəyişikliklər – vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, sosial problemlərin əsaslı üəkildə həlli istiqamətində atılmış addımlar, iqtisadi tərəqqi üçün zəmin yaradılması – bütün bunlar məhz Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş tədbirlərin nəticələri kimi tarixə düşmüşdür. Təbii ki, qazanılmış bu nailiyyətlərdə Heydər Əliyevin rəhbərlik etdiyi təşkilatın – Yeni Azərbaycan Partiyasının uğurudur. Ciddi problemlərin həllinə baxışlarda praqmatizm nümayiş etdirən YAP milli mənəvi dəyərlərə son dərəcə konservativ yanaşmaqla tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışır, Azərbaycanın dünyadakı yerini daha dəqiq şəkildə müəyyənləşdirməyə səy göstərir, xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə almağı vacib sayır, demokratiyanı ilk növbədə hüquqi dövlət modelinin əsası kimi qəbul edir. Hakim partiya azad bazar iqtisadiyyatının qanunauyğunluqlarını və tələblərini insanların sosial maraqlarının təmin edilməsinə maneə kimi deyil, əksinə onun başlıca şərti kimi dəyərləndirməklə sosial dövlət ideyalarını təbliğ edir, eyni zamanda, milli burjuaziyanın yaranmasını sabitliyin və inkişafın stimulverici olaraq qiymətləndirir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Hakim siyasi təşkilat daim cəmiyyətə yeni ideyalar təqdim edir. Bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir, mükəmməl kadr potensialı var və bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaratmışdır.
Fuad Zamanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.
Xəbəri paylaş