Anar Məmmədov: Tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək 0
Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Bununla da, Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi.
30 il öncə Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş", "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir". 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Orada "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, yəni beynəlxalq hüquqa hörmət etsəydi problem çoxdan həllini tapardı. Çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qaldı. Şübhəsiz ki, ötən dövr ərzində məsələnin sülh yolu ilə həll olunmamasının birinci səbəbi Ermənistanın destruktiv siyasəti idisə, ikinci səbəb isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmaması idi. Beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar nəticəsində Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməklə kobud şəkildə pozulmuş beynəlxalq hüququ və ədaləti bərpa etmiş oldu.
Vətən müharibəsi Azərbaycan üçün böyük zəfərlə yekunlaşmış və artıq ölkəmiz üçün yeni dövr başlamışdır. Bu gün isə dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Üç ilə yaxındır ki, ata-baba yurdumuzda azan səsi ucaldılır, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Prezident İlham Əliyev müharibədən sonra azad olunmuş ərazilərə səfərlər edir, qarşıda duran vəzifələrlə bağlı öz tapşırıqlarını verir.
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Ağdam artıq üç ildir ki, özünün azad günlərini yaşayır. Hazırda Ağdamda böyük canlanma, yeni həyat başlayıb.
Dövlət başçısı İlham Əliyevin Ağdam rayonuna reallaşdırdığı 5 səfərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bərpa-quruculuq işlərinin genişlənən miqyası soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışını daha da yaxınlaşdırır. Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.
Anar Məmmədov
Milli Məclisin deputatı.
Xəbəri paylaş