Xəbər lenti
18-11-2024, 12:06
 

Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi 0

Tarix: 11-11-2023 11:00     Baxış: 9 037


Prezident  cənab  İlham Əliyev: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.”

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı və İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi.İllər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq Azərbaycan xalqını haqq yolundan heç kim döndərə bilməzdi. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi.İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq. Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız. Sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi.20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik.Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar