İmişlidə “8 noyabr-Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib - FOTO 0
Noyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” ilə bağlı “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilərlə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi böyük ehtiramla yad edilib.
Tədbir İmişli Rayon Heydər Əliyev Mərkəzində rəsmi hissə ilə davam edib. Dövlət himni səsləndirildikdən sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan icra başçısı 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək bayram münasibətilə təbriklərini çatdırıb. İcra başçısı həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpası böyük rəmzi məna daşıdığını diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər, şəhid ailələrinin üzvləri və qazilər Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər.
Tədbirin bədii hissəsi İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında mədəniyyət və incəsənət işçilərinin ifalarında davam etdirilərək bir-birindən maraqlı kompozisiyalar nümayiş olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Babək Hüseynov.
Xəbəri paylaş