İlqar Məhərrəmov: Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı 0
Atlas geyimli dağların qoynunda yerləşən, uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni, Azərbaycanın dilbər guşələrindən olan Qubadlının 27 illik əsarət zəncirinin qırıldığı, illərin nisgilindən, kədərindən təngə gələn sinəsinin murdar ayaqlardan, yad əllərdən təmizləndiyi gündən artıq üç il ötür. Məğrur oğullarının al-qanları ilə ədalət məşəlini yandırdığı, Qələbə dastanına “Qubadlı zəfəri” fəslinin, Ali Baş Komandanın mübarək, əbədiyaşar “Qubadlı bizimdir!” kəlməsinin tarixə yazıldığı 2020-ci ilin oktyabr ayının 25-ci günü…
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı, Qubadlının şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 кəndi işğaldan azad edildi.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Qubadlı rayonunun təbiəti olduqca gözəldir. Rayonda 13.2 min hektar meşə sahəsi vardır. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda "Qubadlı yasaqlığı" deyilən dövlət yasaqlığı da var idi ki, bu ərazi Kiçik Qafqazın cənub şərqində, Qubadlı və Laçın rayonlarının ərazisində idi. 1969-cu ildə cüyür, çöldonuzu, qırqovul və s. heyvanları mühafizə etmək məqsədi ilə təşkil olunmuşdur. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.
Tarix Zəfərdən sonra 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Qubadlıya səfər ediblər. Dövlət başçısı Qubadlıda Azərbaycan bayrağını ucaldıb.
Bu rayona səfəri zamanı Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcəkdir.
Bu gün 27 ildir ki, Vətən həsrəti ilə yaşayan qubadlılılar, ümumilikdə xalqımız torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir və hədsiz qürur duyurlar. Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Qubadlı öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu gün qürurla deyirik ki, Qubadlımız, sən bizimsən, səni günü-gündən daha da gözəlləşdirəcəyik, üzərində daha güllələr uçuşmayacaq, güllər pərvazlanacaq, köksün mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək, övladlarının zəhmət təri ilə boy atacaq fidanların, bərəkət ətrinə bürünəcək tarlaların, bərpa olunacaq tarixi abidələrin, türbələrin, qonaqlarını salamlayacaqsan əzəmətli, məğrur duruşunla. Bir sözlə, başdan-başa gülüstana dönəcəksən, Qubadlım! Azadlığının ildönümü mübarək, Qubadlım! Gözün aydın, Qubadlım!
İlqar Məhərrəmov
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi.
Xəbəri paylaş