Xəyal Məmmədov: 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı 0
2020-ci il Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı, möhtəşəm Zəfər ili kimi həkk olundu.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şücaətli və yenilməz Ordumuz işğalçı Ermənistan üzərində parlaq Qələbə qazandı, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düzgün strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra uzun zaman keçəcək, illər, əsrlər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, dogma Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Bütün bu reallıqları Azərbaycan Prezidentinin apardığı müdrik siyasət yaratmışdır.
Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib. İrəvanda keçirilən mitinqdə həm hakimiyyət həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir, mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar. Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib. Möhtərəm Prerzidentimizin sözləri ilə desək; Prezident cənab İlham Əliyev: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Bəli,həqiqətən də Prezident-Xalq-Ordu birliyi düşmənləri məhv edib, bizim tarixi Qələbəmizi təmin etdi. Bu yolda canlarını və sağlamlıqlarını fəda etmiş igid oğullarımız heç zaman unudulmur, Azərbaycan xalqı və dövləti öz qəhrəman hərbçiləri ilə fəxr edir. İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması üçüm hər il Azərbaycanda “Anım Günü” Ölkə PrezidentI cənab İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edilir. Bu isə bir daha onu göstərir ki, canlarını Azərbaycanın bütövlüyü uğrunda fəda etmiş qəhrəman hərbçilərimizin əziz xatirəsi daim yad olunacaq və uca tutulacaqdır.
Xəyal Məmmədov
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.
Xəbəri paylaş