Xəbər lenti
8-05-2024, 00:26
 

Prezident İlham Əliyev Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib 0

Tarix: 18-09-2023 17:52     Baxış: 2 303


Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə təbrik edib.

President.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Bu mədəniyyət bayramı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırıb.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırıb.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaq”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar