Orxan Əliyev: Tarixin Heydər Əliyev zirvəsi 0
XX əsrin sonlarına yaxın müstəqilliyini əldə etmiş Azərbaycan xalqı məhz Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında milli varlıq və özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını gerçəkləşdirmişdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi və keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. O, siyasi fəaliyyətinin bütün mərhələsində vətənə, torpağa sonsuz məhəbbət hissi ilə, qurub – yaratmaq amalı ilə yaşamış və hər zaman milli dəyərlərə bağlı olmuşdur.
Tanrının xalqımıza bəxş etdiyi Heydər Əliyev taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətdə olmuş və Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zəmanənin ağır məngənəsindən xilas etmişdir.
Azərbaycanın dövlətçilik ənənələrinin bərpa edilərək zənginləşdirilməsi, onun əbədi və dönməz xarakter alması, həmçinin çökmüş vəziyyətdə olan ölkə iqtisadiyyatının dinamik inkişaf yoluna qədəm qoyması, həm daxili sabitliyin təmin olunması, həm də beynəlxalq siyasi strategiyanın müəyyənləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin fədakar, səmərəli və qətiyyətli fəaliyyəti nəticəsində mümkün oldu.
Torpaqların beşdən bir hissəsinin işğal altında qaldığı, əhalisinin səkkizdən birinin qacqınlıq taleyi yaşadığı, öz strateji mövqeyinə görə bir çox dünya ölkələrinin siyasi və iqtisadi maraqlarının toqquşduğu bir ölkədə inkişaf etmiş demokratik dünya ölkələri səviyyəsində dövlət yaratmaq və qısa müddət ərzində əhalinin sosial durumunu normallaşdırmaq və ən əsası da gələcək inkişafın əsasını qoymaq üçün işğalçı tərəflə atəşkəsin imzalanmasına nail olmaq qətiyyət tələb edirdi. Bu, Heydər Əliyev qətiyyəti idi. Ulu öndər ölkəyə olan maraqların başında neft amilinin durduğuna qəti şəkildə əmin idi. O, ölkədə möhkəm içtimai – siyasi sabitlik yaratmaqla və yeni neft strategiyasını hazırlamaqla dünya dövlətlərinin ən nüfuzlu neft şirkətlərinin Azərbaycana marağını artıraraq sərmaya qoyuluşuna əlverişli şərait yaratdı.
Heydər Əliyevin yeni neft strategiyası dövlətimizin inkişafı və beynəlxalq arenada nüfuzunun artması baxımından düşünülmüş siyasət idi. İndi müqavilənin bəhrələrini görməkdəyik. Büdcəmizə küllü miqdarda vəsaitlərin daxil olması və həmin vəsaitlər hesabına hər bir sahənin sosial bazasının yaxşılaşdırılması bunun bariz nümunəsidir.
Ümumilikdə Heydər Əliyevin tarixi fəaliyyətinə nəzər saldıqda onun nə qədər çoxşaxəli və gərgin olduğuna heyrətlənməmək olmur. O, gün ərzində respublikaya dəvət olunmuş xarici dövlət rəhbərlərini, neft siyasəti ilə bağlı müxtəlif şirkət rəhbərlərini, səfirləri, elm, mədəniyyət xadimlərini və eləcə də sadə peşə adamlarını qəbul edib dinləyər, öz tövsiyələrini verərdi. Bunların hamısını yerinə yetirməyə onun çox yüksək siyasi, elmi peşəkarlığı və gücü çatırdı. Çünki Ulu öndər üçün məsələnin ağırlığı, çətinliyi yox, onun Azərbaycan dövləti və xalqı üçün səmərəliyi əsas məsələ olmuşdur. Ötən illər ərzində Ulu öndər haqqında mətbu orqanlarında dəfələrlə geniş məqalələr dərc olunmuş, təhlillər verilmiş, çoxlu kitablar yazılmışdır. Lakin bu böyük şəxsiyyətin tarixdəki rolunun elmi – nəzəri təhlilinə dönə - dönə qayıdılmalıdır ki, yaxın tariximizdə baş vermiş mühüm hadisələr unudulmasın. Bu baxımdan Heydər Əliyevi oxumaq, Heydər Əliyevi öyrənmək Azərbaycanın çağdaş tarixinin içtimai – siyasi hadisələrindən daha təmkinlə nəticə çıxarmaq və gələcəyimizin inkişafını təmin etmək üçün əsl doğru yoldur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində öz gərgin və şərəfli fəaliyyəti ilə xalqın və Dövlətin əsl rəhbəri olduğunu sübut etmişdir. Onun siyasi portreti ən yeni tariximizin dolğun səlnaməsidir. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu öndərin dəsti - xətti öz əksini tapmasın.
Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması, ölkədə sürətli inkişafa nail olunması, çoxsaylı nəhəng layihələrin həyata keçirilməsi, ordu quruculuğu, neft strategiyasının reallaşması sahəsində gördüyü misilsiz işlər neçə - neçə yazılmış və yazılacaq kitabların,əsərlərin mövzüsudur. Lakin onun müəllifi olduğu və gələcəyimiz üçün əmanət etdiyi azərbaycançılıq ideologiyası xalqımız üçün ən böyük milli – mənəvi dəyər kimi qiymətləndirilməlidir.
Ulu öndər Respublikamızın hər bir bölgəsində olduğu kimi 3 dəfə - 1978, 1982 və 2002-ci illərdə Goranboy rayonunda olmuşdur. Onun hər bir gəlişi ilə rayonun sosial – iqtisadi və mədəni həyatındə müsbət dəyişikliklər olmuş və rayon əhalisinin ona olan sevgisini daha da artırmışdır.
Hələ sovetlər dönəmində ölkənin birinci şəxsi tərəfindən «Coşqun yüksəliş illəri» kimi qiymətləndirilən 1969-1982-ci illərdə respublikanın hər bir bölgəsində olduğu kimi Goranboy (Qasım İsmayılov) rayonunda da böyük işlər görülmüş, rayonun sosial və təsərrüfat xərcləri xeyli artmışdır.
1969-cu ildə rayon üzrə 10813 ton taxıl, 14553 ton pambıq istehsal olunurdusa, 1982-ci ildə artıq bu rəqəmlər müvafiq olaraq 28143 ton və 38967 ton təşkil edirdi.
Ulu öndərin birinci hakimiyyəti dövründə (1969-1982) rayonumuza 2 dəfə tarixi səfər etmişdir. Onun hər gəlişi ilə rayonumuzda yeni yüksəliş dövrünün başlandığını görmək olar. Məhz Ulu öndərin göstərişi ilə rayon Maarif şöbəsi üçün iki mərtəbəli bina, Qızılhacılı və Səfikürd kəndlərində hər biri 1176 yerlik, Sarov kəndində 340 yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir. Ümumilikdə həmin dövrdə rayonda 8827 yerlik məktəb binaları tikilmişdir. Həmin dövrdə təhsil sistemində işləyən müəllim və tərbiyəçilərin əməyi Ulu öndər tərəfindən yüksək qiymətləndirilmiş, 2 nəfər «Əməkdar müəllim»adı verilmiş, 10 nəfər müxtəlif orden və medallarla təltif edilmişdir.
1969-1982-ci illər ərzində rayonda 14 mədəniyyət evi, 26 klub, 32 kitabxana açılmış, 1565 ədəd eksponatın qorunduğu Tarix-diyarşünaslıq muzeyi fəaliyyətə başlamışdır. Elə həmin illər ərzində rayonda 150 çarpayılıq Mərkəzi xəstəxana, 60 çarpayılıq Dəliməmmədli, 60 çarpayılıq Qızılhacılı, 40 çarpayılıq Xan Qərvənd, 25 çarpayılıq Qazanbulaq xəstəxanaları, 25 çarpayılıq vərəm əlehinə dispanser, 2 həkim ambulatoriyası, 19 feldşer-mama məntəqəsi və Sanitar epeidemioloji mərkəz tikilərək istifadəyə verilmişdir.
Ulu öndərin rayona ilk gəlişi 30 sentyabr 1978-ci ilə təsadüf edir. Rayonun bütün sakinləri tərəfindən hərarətlə qarşılanan hörmətli qonaq o vaxtkı Kirov, Qatır Məmməd, Orconikidze adına kolxozları gəzmiş, burada kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olmuşdur. Həmin gün ölkə rəhbəri şəhər mərkəzində keçirilən rayon partiya-təsərrüfat fəallarının yığıncağında iştirak etmişdir.
Heydər Əliyevin ilk səfəri rayonun iqtisadi və mədəni həyatında bir dönüş yaratmışdır. 1982-ci ilin 14 iyulunda Ümummilli liderimiz ikinci dəfə rayona səfər etmişdir. O, əvvəlcə Cinli Boluslu kəndindəki Kirov adına kolxozda olmuş və orada salınmış soya plantasiyasına baxış keçirmişdir. Elə oradaca Kənd Təsərrüfatı nazirinə tapşırmışdır ki, bu, çox gözəl iş təcrübəsidir, bundan istifadə edərək bütün respublikada bu cür plantasiyalar yaratmaq olar və buna görə də digər rayonların rəhbərləri gəlib buradan nümunə götürməlidirlər.
Sonra Heydər Əliyev rayonun ən böyük təsərrüfatlarından biri olan Orconikidze adına kolxozun pambıqçıları ilə görüşmüşdür. Daha sonra «Oktyabr» kolxozunda olan Ulu öndər orada kənd camaatının məişət problemləri ilə maraqlanmış, geniş söhbət etmişdir.
Heydər Əliyev rayon mərkəzində olarkən təbii fəlakətlə əlaqədar (1982-ci il 23 iyunda sel-daşqın nəticəsində rayon təsərrüfatına xeyli ziyan dəymişdir) bəzi həyətləri gəzmiş, zərərçəkmiş ailələrlə səmimi söhbətlər etmişdir və təbii fəlakətin aradan qaldırılması üçün hər cür köməkliyin göstəriləcəyinə söz vermişdir. Həmin gün – 14 iyul 1982-ci il Ulu öndərimiz rayonun partiya-təsərrüfat fəallarının yığıncağını və pambıqçılıq təsərrüfatı rayonlarının zona müşavirəsini keçirmişdir. Bu isə Ulu öndərimizin Goranboy rayonuna verdiyi önəm və diqqətin bir nümunəsi idi.
13 sentyabr 2002-ci il – Ulu öndərin Goranboy rayonuna üçüncü tarixi səfəri. Cənab Prezidentin rayona gəlişi goranboylular üçün sanki bayram idi. Sübh tezdən rayon İcra Hakimiyyətinin önünə toplaşan minlərlə goranboylu onun gəlişini səbirsizliklə gözləyirdi. Ölkənin birinci şəxsini, xalqın Ümummilli liderini yaxından görmək, onun səsini eşitmək, Goranboyla bağlı fikirlərini bilmək arzusunda olanların sayı-hesabı bilinmirdi.
Yolboyu onu salamlamaq üçün düzülən əhalini görən Prezident rayonun Xoylu kəndi yaxınlığında maşın karvanını saxlamış, kənd camaatı ilə görüşmüş, səmimi söhbətlər aparmışdır. Sonra Ulu öndər rayon İcra Hakimiyyətinin binası önünə gəlmiş və və onu görmək üçün bura toplaşan minlərlə goranboylular qarşısında geniş nitq söyləmişdir. Sonra Rayon İcra Hakimiyyətinin binasında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə müşavirə keçirmiş müşavirədə proqram xarakterli nitq söyləmişdir.
Müşavirə və rayon ictimayyəti ilə görüşdən sonra Prezidentin maşın karvanı rayon mərkəzindən Aşağı Ağcakənd qəsəbəsinə getmişdir. Yolboyu dahi rəhbəri görmək istəyən insanlarla dolu idi. Ağcakəndə qədər 35 kilometr məsafəni keçərkən (Səfikürd kəndində) cənab Prezident maşın karvanını saxlatmış və onu görmək üçün gələn insanlarla görüşmüşdür. Nəhayət, 1988-ci ildə Ermənistandan didərgin düşmüş soydaşlarımız üçün salınmış Aşağı Ağcakənd qəsəbəsinə gələn dövlət başçısı burada yeni qəsəbənin açılışı münasibəti ilə təşkil olunan tədbirdə iştirak etmiş, qəsəbədə yeni inşa edilmiş 330 yerlik təhsil ocağı ilə də tanış olmşudur. Şagirdlərlə görüşən Ulu öndər sinif otaqlarının birində dərs keçmiş, kompüterlə bağlı suallar vermişdir. İndi həmin sinifdə Ulu öndərin şərəfinə guşə təşkil olunmuşdur. «Heydər Əliyev sinfi» adını daşıyan həmin sinifdə mütəmadi olaraq şagirdlərlə «Gəlin bir dərs keçək» devizi altında Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilir.
Prezident Heydər Əliyev yaşayış evləri ilə tanış olduqdan sonra qəsəbənin mərkəzi meydanında təntənəli mərasimdə iştirak etmiş və geniş nitq söyləmişdir.
Ulu öndərin Goranboya səfəri zamanı onunla birgə onun ailə üzvləri, o cümlədən onun layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də (O vaxt Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin rəhbəri kimi) onunla birgə olmuşdur.
2002-ci ilin 13 sentyabr tarixi bir günlük səfər olsa da, goranboyluların yaddaşında uzun illərin şərəfli və təntənəli bir hadisəsi kimi silinməz izlər buraxmış, goranboyluların dahi rəhbərə olan tükənməz sevgisini daha da artırmışdır. Hər ilin 13 sentyabr günü rayonda tariximizin möhtəşəm və şirin bir anı kimi xatırlanır.
Ulu öndər 2002-ci il 13 sentyabrda Goranboya tarixi səfəri zamanı rayon haqqında belə söyləmişdir: “Goranboy rayonu Azərbaycanın iri, şox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Heydər Əliyevin dövlət və xalq qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Heydər Əliyev tək bu günkü Azərbaycanın deyil, sabahkı Azərbaycanın da memarıdır. Ulu öndərin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanı yüksəlişə aparacaq, hələ neçə - neçə nəsillər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə faydalanacaqdır. Həyat göstərir ki, rəhbərlər və tarixi şəxsiyyətlər yalnız xalqla bir olanda güclü olur və zirvələri fəth edirlər. Heydər Əliyev də belə uca zirvələri fəth edən xoşbəxt insanlardan biri idi.
Qətiyyətlə deyə bilərik ki, indi tariximizin möhtəşəm bir zirvəsi var - o da Heydər Əliyev zirvəsidir.
Orxan Əliyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Goranboy Cəmiyyətin sədri, Qarabağ qazisi.
Xəbəri paylaş