İmişli şəhərinin avtomobil yollarına yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib - FOTO 0
İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Mubarizciler.az-ın məlumatına görə, İmişli şəhərinin kompakt yaşayış massivində və gediş-gəlişin çox olduğu nəzərə alınaraq Q.İsmayılzadə küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Aparılan işlər zamanı yolun hərəkət hissəsinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. Yol yatağı hazır olduqdan sonra qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılıb. Torpaq işləri yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. Beləliklə, avtomobil yolunda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Görülən işlərlə yanaşı sözügedən küçədə çoxillik ağaclarda İmişli MKTİB-nin texnika və işçi qüvvəsinin köməkliyi ilə müvafiq aqrotexniki tədbirlər nəzərə alınmaqla budama işləri aparılıb. Eyni zamanda “Rəsularx” təsərrüfatlararası suvarma kanalında lildən və zibil tullantılarından təmizlənmə işləri həyata keçirilib, ərazidən keçən qaz kəməri torpaqdan və pasdan təmizlənib, korroziyaya qarşı boya ilə rənglənib. İş prosesi zamanı lazımi təhlükəsizlik qaydalarına riayət olunub.
(Q.İsmayılzadə küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Xəbəri paylaş