Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Milli Qəhrəman adına layiq görülən ilk jurnalist Kazımağa Kərimovun mövlud günüdür 0

Tarix: 01-09-2023 18:03     Baxış: 1 456

Milli Qəhrəman adına layiq görülən ilk jurnalist

Kazımağa Kərimovun mövlud günüdür.

Mubarizciler.az xatırladır ki,  Milli Qəhrəman Kazımağa Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində dünyaya gəlib. Ailənin səkkiz övladından biri idi.

 Qara İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirdikdən sonra rayonun "Avanqard" qəzetinin mətbəəsində yığıcı kimi işləməyə başlayır.

1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Orada beş il təhsil alır və fakültənin bir çox ictimai işlərində fəal iştirak edir. Kazımağa Kərimov təhsil illərində həm respublika, həm də rayon qəzetlərində maraqlı yazılarla çıxış edir. Universiteti bitirdikdən sonra o, təyinatla "Azərbaycan məktəbi" jurnalına göndərilir. Lakin həyatında baş verən müəyyən problemlər ona öz işinə davam etməyə mane olur. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndində yaşamağa başlayır. Daha sonra Rayon Aqrar-Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur.

Onu tanıyanların, yaxınlarının sözlərinə görə, Kazımağa xaraktercə fərqli insan idi. İlk baxışdan zəhmli görünməsinə baxmayaraq daxilən çox səmimi, mehriban insan idi. XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi Məktəbi bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən İsmayıl bəyin nəvəsidir.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda Kazımağa da döyüş meydanında düşmənə layiqli cavab vermək istəyən şəxslərdən idi. Ailəli olmasına, tutduğu peşəsi ilə məşğul olmasına baxmayaraq o da cəbhəyə yollanmaq qərarına gəlir. Həmin vaxtlarda ölkənin müxtəlif bölgələrində könüllü batalyonları qurulurdu. Onlardan biri də Goranboyda idi. Ermənilər həmin bölgəyə xüsusilə diqqət göstərirdilər. Onların məkrli planları içərisində həmin rayonu işğal edərək Azərbaycanın müxtəlif yerlərinə hücum etmək var idi. Kazımağa 1991-ci ildə Goranboy özünümüdafiə batalyonunun qurulmasında xüsusi fəallıq göstərir. Sonralar isə Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda batalyon komandirinin müavini təyin edilir. Beləcə, universitetdə təhsil aldığı illərdə hərbi texnikanın sirlərinə müəyyən qədər bələd olan baş leytenant Kazımağa Kərimovun döyüş yolu başlayır. Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda vuruşur. Axırıncı döyüşü isə Meşəli deyilən ərazidə olur.

Ermənilərə qarşı cəsarətli addımları ilə seçilən Kazımağa döyüş yoldaşları ilə birgə yeni bir əməliyyat planı hazırlayır. Plana əsasən könüllü dəstə düşmənin işğalı altında olan keçmiş Şaumyan kənd rayonununu azad etməli idi.

Məlumat üçün deyək ki, Şaumyan kənd rayonu indiki Goranboy rayonu ərazisində qurulan rayon idi. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə sahəsi 1231 kv.km, əhalisi 36.853 nəfər olmaqla qurulur. Həmin qərarla Goranboyun tarixi torpaqları hesabına sahəsi 555 kv.km, əhalisi 12.578 nəfər olmaqla Aşağı Ağcakənd rayonu qurulur. 8 sentyabr 1938-ci il tarixli qərarla Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd rayonu isə Şaumyan (kənd) rayonu adlandırılır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilir və Şaumyan (kənd) rayonu ləğv edilərək qədim Goranboyun tarixi torpaqları vahid bir rayon halında birləşdirilir. Sahəsi 1791 kv.km, əhalisi 91,5 min nəfər olur.

Qrup əməliyyata yaxşı şəkildə hazırlaşır. Amma təbii ki, dövrün çətinlikləri, daxildə baş verən çaxnaşmalar, silah-sursatların insanlardan yığılması, ordu üzvlərinin döyüşdən naməlum səbəblərlə çıxarılması və sair itkilərə səbəb olurdu. 1992-ci ilin 12-13 iyun tarixlərində Şaumyan kənd rayonunun azad olunması uğrunda əməliyyat başlayır. Dəstə üzvləri düşmənə qarşı hücuma keçirlər. Çox sayda erməni qulduru məhv edilir. Ancaq həmin döyüşdə komandir Kazımağa Kərimov ağır yaralanır. Bunu görən döyüş yoldaşları onun xilas edilməsi üçün hərəkətə keçirlər. Ancaq Kazımağa döyüşü saxlamır, hücum əmri verir. Keçmiş Şaumyan kənd rayonu azad olunur. Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa hərbi əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanmışdı. Çox qan itirdiyinə görə, onu xilas etmək mümkün olmur. Kazımağa 15 iyun 1992-ci ildə, 41 yaşında şəhid olur.

Ailəli idi, bir oğlu yadigar qalır. Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilir. Milli Qəhrəman adına layiq görülən ilk jurnalistdir.

Bakı şəhərində adına küçə var. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı qəsəbə mədəniyyət evi onun adını daşıyır. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar