Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov: Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır 0

Tarix: 30-07-2023 12:18     Baxış: 3 136

  

   


Ana dili millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Əlbəttə ki, heç bir dil dövlət qayğısı olmadan inkişaf edə bilməz. XX əsrin acı həqiqətləri göstərdi ki, sovetlər imperiyasının ucqarlarında xalqların ana dilini və milli-mənəvi dəyərlərini məhv etmək məqsədini qarşısına qoymuşdu. Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağa çalışılmış, adı, əlifbası tez-tez dəyişdirilmiş, dilimizi məhv etmək üçün "xüsusi" plan həyata keçirilmişdir. Amma bu plan baş tutmadı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızda milli dilimizə olan münasibət də kökündən dəyişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, ötən əsrin 70-ci illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev respublikamızda milli dilimizə olan münasibəti kökündən dəyişməyi bacardı.


1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsrolunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir". Ulu Öndər bununla da gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən ən mühüm olanını reallaşdırdı.


“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərinin yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirdi. Aparılan dil siyasəti nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab olundu. Azərbaycan siyasi müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət rəhbərinin ana dilinin inkişafı ilə bağlı apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi.


Ulu Öndər fəaliyyəti dövründə Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşaraq bu dilin adının dəyişdirilməsinin yolverilməz olduğunu xarakterizə etmişdir. “Bizim də öz qədim torpağımız, o taylı, bu taylı 40 milyondan çox millətimiz, məhz özümüzə mənsub adət-ənənəmiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz qədim Azərbaycan dilimiz var. O bizim ana laylamızdır, qılıncımızdır, xilaskarımızdır, ən böyük mənəvi sərvətimizdir. Zaman-zaman onu bütün yasaqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz edə bilməz”.


Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini vermişdir. Hər bir azərbaycanlı, xüsusilə gənclər bundan sonra da bu məsələdə vətəndaşlıq borcunu yerinə yetirməli, ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik. Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi. Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir.


Anar Məmmədov,

Milli Məclisin deputatı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar