Xəbər lenti
18-11-2024, 12:06
 

“Bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi” - İlham Əliyev 0

Tarix: 24-07-2023 16:56     Baxış: 1 708

Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Biz Bakının müxtəlif yerlərində atanızın heykəllərini gördük və onun adını daşıyan prospektlər, memoriallar var. Zənnimcə, burada Sizin atanıza olan ehtiram və məhəbbətin daha dərin mənası var. Şəxsən Sizin üçün atanız kim olub” sualını da cavablandırıb.

Mubarizciler.az xəbər verir ki, dövlət başçısı cavabında deyib:

“Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.

Xüsusilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, o, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən bəlkə də yeganə şəxs idi. O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.

Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.

Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük ölkə deyil. O vaxt artıq Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi və biz nəhəng iqtisadi çətinliklərlə üzləşmişdik. İnflyasiya 1000 faizdən artıq idi. İşsizlik və yoxsulluq hökm sürürdü. Ordu demək olar ki, mövcud deyildi. Belə bir vəziyyətdə ölkəni parçalanmaqdan qorumağa, onu inkişaf yoluna çıxarmağa və bugünkü səviyyəyə çatdırmağa müvəffəq olmağı yalnız böyük şəxsiyyət edə bilərdi.

Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.

Beləliklə, təkcə 100 illiyini qeyd etdiyimiz üçün deyil, ümumiyyətlə, müasir Azərbaycan haqqında danışarkən faktdır ki, təməl Heydər Əliyev tərəfindən qoyulub və 1990-cı illərin mürəkkəb dövründə onun liderliyi olmasaydı, bugünkü Azərbaycan başqa vəziyyətdə olacaqdı. Hansı problem və çətinliklərlə üzləşəcəyini heç təsəvvür etmək belə olmazdı”.

(AZƏRTAC)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar