Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından dörd il ötür 0
Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından dörd il ötür.
Mubarizciler.az xatırladır ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə üz tutub. O, 2006-cı ildə uçuş mühəndisi ixtisasına yiyələnərək həmin təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan beş nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il iyul ayının 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus, Rəşad Atakişiyevin pilotu olduğu “MİQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində Rəşad Atakişiyev itkin düşüb.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. 20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqust tarixində Rəşad Atakişiyev II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Ailəli olub. Vətənə yadigar iki övladı qalıb.
Xəbəri paylaş