Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günüdür 0
19 iyul Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın şəhidlik zirvəsinə ucaldığı gündür.
Mubarizciler.az xatırladır ki, Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub.
O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.
O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.
Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı:
" Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı... "
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülbül var idi. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.
Xəbəri paylaş