Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Baş Prokurorluğun Kollegiya iclası keçirilmişdir - FOTO

Tarix: 28-01-2023 01:37     Baxış: 885

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2022-ci ildə prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Kollegiya iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin etmişdir.

Xüsusi vurğulanmışdır ki, ölkə başçısının rəhbərliyi ilə sürətli və hərtərəfli yüksəliş dövrünə qədəm qoyan Azərbaycan dövləti və cəmiyyəti tarixinin ən qüdrətli çağlarını yaşamaqla postpandemiya və postkonflikt dövründə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, həyata keçirilən düşünülmüş sistemli islahatlar iqtisadi və siyasi sabitliyin əsaslarını daha da möhkəmləndirmişdir.

Ölkənin inkişaf strategiyasının həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli, ardıcıl və məqsədyönlü  fəaliyyətinin qarşıya qoyulan bir çox hədəflərə nail olunmaqla strateji nailiyyətlərin əldə edilməsini təmin edən mühüm faktorlardan olduğu diqqətə çatdırılmışdır.

Baş prokuror Vətən müharibəsindən dərhal sonra Zəfər təntənəsini yaşayan müzəffər xalqın lideri İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işlərinin məntiqi nəticəsi olaraq “Böyük Qayıdış”ın ilk mərhələsinin uğurla icra edilməklə əzəli torpaqlara yenidən həyatın qayıtdığını qeyd etmişdir.

Bildirilmişdir ki, yola saldığımız “Şuşa İli”ndə Qarabağın mirvarisi, mədəniyyət paytaxtımızın tarixi əzəmətinin bərpası da diqqət mərkəzində saxlanılmış, Zəfər yürüşünün qalibiyyət zirvəsi olan Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı və digər beynəlxalq əhəmiyyətli tədbirlər, zəruri infrastruktur obyektlərinin inşası, genişmiqyaslı layihələrin təməlinin atılması şəhərin siyasi-mədəni ruhunun özünə qaytarılmasında müstəsna önəm daşımışdır.

Eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə də dövlət başçısı və birinci xanımın birgə iştirakları ilə yeni infrastuktur obyektlərinin, xüsusilə Zəngilan Beynəlxalq Hava Limanının açılışının, sənaye parklarının, sosial-iqtisadi obyektlərin təməllərinin atılmasının, xəstəxanalar, məktəblər, yaşayış binalarının inşasının əzəli torpaqlarımızın dirçəldilməsinin təminatı olmaqla ölkəmizin gələcək onilliklər üçün dinamik tərəqqisini şərtləndirən strateji inkişaf konsepsiyasına müstəsna töhfə olduğu bildirilmişdir.

Xüsusi vurğulanmışdır ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qayğı və həssaslıqla yanaşılmış, onların hərtərəfli təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.

Baş prokuror ölkə başçısı tərəfindən müstəqil dövlətimizin milli mənafelərinə uyğun məharətlə həyata keçirilən balanslaşdırılmış praqmatik xarici siyasət kursunun qlobal siyasətdə Respublikamızın etibarlı tərəfdaş statusunun növbəti dəfə təsdiqlənməsi ilə nəticələndiyini bildirməklə ötən ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, həmçinin dekabr ayında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, Avroatlantik məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirən ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət etdiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, ötən il ərzində qardaş türk dövlətləri arasında mütəffiqliyin daha da inkişaf etdirilməsi, ortaq mənəvi irsin qorunması, regional sülh və sabitliyin güclənməsində mühüm önəmə malik Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısı keçirilməklə türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə irəliləməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Region reallıqlarını yaradan ölkəmizin, xalqımızın xoşbəxt, firavan gələcəyinə istiqamətlənmiş böyük miqyaslı və uzaq məqsədli hədəflərin ötən il ərzində uğurla gerçəkliyə çevrildiyini bildirən Baş prokuror 2023-cü il - “Heydər Əliyev İli”ndə ümummilli liderin əsasını qoyduğu inkişaf yolu ilə zirvələrə doğru irəliləyən Azərbaycanın ölkə başçısının rəhbərliyi ilə möhtəşəm uğurlar qazanacağına əminliyini ifadə etmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmaqla hesabat dövründə də bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsi ölkə başçısının prokurorluğa göstərdiyi ali dəyəri və etimadı bir daha nümayiş etdirmişdir.

Baş prokuror hesabat məruzəsində 2022-ci ildə də Azərbaycan prokurorluğunun daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında fəal iştirak etdiyini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan  hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər gördüyünü bildirmişdir.

Xüsusi qeyd edilmişdir ki, bu müddətdə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 17 qəsdən adam öldürmə cinayətinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə onlardan 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilərinin 2022-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36.494 cinayətin 88,2%-nin açılması təmin olunmuş, bu cinayətlərin 95,2%-nin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilmişdir.

 

Hesabat dövründə ölkə üzrə cəmi 19591 cinayət işinin ibtidai istintaqının tamamlanmaqla 15772 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmiş, bunlardan 914-ü prokurorluq orqanlarında isintaq edilmişdir.

Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında aparılmış araşdırmalar üzrə ümumilikdə 454 milyon 781 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək, istintaq tədbirləri ilə onun 41,4 faizinin, yəni 188 milyon 293 min manat hissəsinin ödənilməsinə nail olunduğu, prokurorluq orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri və araşdırılmış materiallar üzrə isə vurulmuş maddi ziyanın məbləğinin 100 milyon 609 min manat olmaqla, onun 71,1 faizinin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinin təmin olunduğu bildirilmişdir.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 755 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 20 milyon 213 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olmuşdur.

Qeyd edilmişdir ki, hesabat dövründə ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə prokurorluq orqanları tərəfindən daxili işlər orqanları üzrə 34932, vergi orqanları üzrə 1369, ədliyyə orqanları üzrə 907, sərhəd xidməti üzrə 424, gömrük orqanları üzrə 342, dövlət təhlükəsizliyi orqanları üzrə 137, fövqəladə hallar orqanları üzrə 65 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilmişdir.

Kollegiya iclasında qalibiyyət şərəfini daşıyan Respublikamızın gələcək dövr üçün müəyyən edilən əsas strateji hədəflərinə çatmaqda korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlərin sosial-iqtisadi inkişafın başlıca amillərindən biri olması nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsinin bu sahədə ölkə başçısının siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olduğu diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, ölkəmizdə uğurla yürüdülən islahat konsepsiyalarının davamlılığı ilə xarakterizə olunmaqla yeni inkişaf mərhələsi ilə uzlaşan, çağdaş dövrün spesifik tələblərinin nəzərə alındığı Milli Fəaliyyət Planının icrası bütün dövlət qurumları ilə yanaşı, prokurorluq orqanları üçün də qarşıda duran əsas vəzifələrdən hesab edilməklə Baş Prokurorluq üzrə Tədbirlər Planı təsdiq ediləək icraya yönəldilmişdir.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 285 şəxs barəsində 209 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.

İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min   manatın ödənilməsi təmin olunmuş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad  olunmuş  şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun  pozuntularının  aradan  qaldırılması  və  gələcəkdə  bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait  yaradan  halların  aradan  qaldırılması məqsədilə  aidiyyəti müəssisə  və  təşkilatların rəhbərlərinə 245 təqdimat verilmişdir.  

Həmin təqdimatlar üzrə 10 şəxs çalışdığı qurumdan xaric edilmiş, 20 şəxs tutduğu vəzifədən azad olunmuş və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılmış, 93 şəxsə töhmət və ya şiddətli töhmət verilmiş, 21  şəxsə xəbərdarlıq olunmuş, 110 halda isə əmək kollektivinin iştirakı ilə müzakirə olunmaqla zəruri tədbirlər görülmüşdür.

2022-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 128-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.  

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 12 nəfər tutulmuş, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 196 cinayət işi başlanmışdır.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 118 cinayət işinin ibtidai istintaqı aparılmaqla 82 şəxs barəsində 51 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, ibtidai istintaqı başa çatdırılmış işlər üzrə dövlətə və ayrı-ayrı hüquqi və fiziki şəxslərə vurulmuş 14 milyon 333 min manat məbləğində ziyandan 12 milyon 209 min manatın ödənilməsi təmin olunmuşdur.

Kollegiya iclasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanılaraq istintaqı aparılmış cinayət işləri, həmçinin sonrakı müddət ərzində baş vermiş təxribatlarla bağlı cinayət işlərinin ibtidai istintaqının davam etdirildiyi qeyd edilmişdir.

Xüsusi vurğulanmışdır ki, işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərən rayon prokurorluqları üçün müəyyənləşdirilmiş inzibati binalarda cari təmir işlərinin aparılması təşkil edilməklə binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və komputer avadanlıqları ilə təchiz edilmiş, dağlıq relyef şəraitində xidmət nəzərə alınaraq müvafiq əraziyə uyğun nəqliyyat vasitələri ilə təminat həyata keçirilmişdir.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirildiyi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alındığı, ordu quruculuğunun yeni mərhələsində zəruri tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.

Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən  ötən il ərzində idarə prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 17068 şəxs barəsində 15157, apelyasiya instansiyası məhkəmələrində 5135 şəxs barəsində 4443, kassasiya instansiyası məhkəməsində 2193 şəxs barəsində 1912 (bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.

Bu müddətdə 939 apellyasiya və 787 kassasiya protestləri verilmiş, məhkəmələrdə baxılmış 1097 apellyasiya protestindən 563-ü, 642 kassasiya protestindən isə 157-si təmin olunmuşdur.

2022-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar qanun pozuntularından çəkindirmək məqsədilə 87 şəxsə xəbərdarlıq edilmiş, 92 şəxs barəsində təqdimat verilərək, inzibati xəta haqqında iş üzrə 1457 icraatın, həmçinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar üzrə 220 cinayət işinin başlanaraq, uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 5 mülki iddia qaldırıldığı qeyd edilmişdir.

 

Bildirilmişdir ki, xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair uğurlu beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə 1 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsinin icrasına başlanılmaqla xarici ekspertlərin ölkəmizə çoxsaylı səfərləri, iclaslar və dəyirmi masa müzakirələri həyata keçirilmişdir.

Hesabat dövründə xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çoxsaylı tədbirlər görülmüş, bir sıra ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş Prokurorluğun nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutmuşdur.

Bu dövrdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib, Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad Əl-Nuaimi və Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfər etmişlər, Qətər Dövlətinin Baş Prokurorluğu ilə ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 18 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi qeyd edilmişdir.

Bu sahədə gənc kadrların təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak etmişdir.

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə “ADA” Universiteti və Naxçıvan Dövlət Universiteti arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin prokurorluqda təcrübə keçməsi, birgə elmi konfransların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edən memorandumlar imzalandığı bildirilmişdir.

Hesabat dövründə prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə səmərəli işlər görülmüş, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə 10 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 8 yazılı rəyin verilməsi təmin edilməklə yazılı prosedur qaydasında baxılmasında iştirak edilmişdir.

Kollegiya iclasında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində sayca 23-cü müsabiqənin nəticəsinə görə 83 namizədin, həmçinin ötən il işə qəbul olunmaq arzusunda olan şəxslər üçün keçirilmiş 24-cü müsabiqə üzrə müvəffəqiyyət qazanmış 57 namizədin cari ildə müvafiq vəzifələrə təyin olunduğu, ümumilikdə 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında keçirilmiş 24 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünasların hazırda prokurorluq işçilərinin 88,3 faizini təşkil etdiyi bildirilmişdir.

Qeyd edilmişdir ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2022-ci ildə də  əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 22 nəfərə töhmət və ya şiddətli töhmət, 1 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilmişdir.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 8874-nün tam və qismən təmin olunması, həmçinin Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 565-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ötən il ərzində Baş prokuror tərəfindən Respublikanın 21 rayonunda ümumilikdə 62 bölgədən 1106 vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir.

Xüsusi qeyd edilmişdir ki, “Elektron prokurorluq” informasiya sisteminin yaradılması istiqamətində işlər intensivliklə davam etdirilməklə artıq 3 modul üzrə fəaliyyətə başlayan sistemin qısa müddətdə tam şəkildə həyata keçirilməsi prokurorluq orqanlarının funksional vəzifələrinin müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə yerinə yetirilməsinə, görülən işləri tam elektronlaşdırılmaqla informasiya ehtiyatlarının analitik təhlilini aparmağa imkan verəcəkdir.

Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən edilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual  rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilmişdir.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, həmçinin iclasın digər iştirakçıları tərəfindən müzakirələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi “Heydər Əliyev İli”ndə öz qüvvələrini səfərbərliyə almaqla dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün öz xidmətlərini göstərəcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar