Anar Qədiməliyev: Sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin özünüinkişaf etdirməsi nəticəsində təhsilin səviyyəsini daha da yüksəltməkdir 0
Sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin özünüinkişaf etdirməsi nəticəsində təhsilin səviyyəsini daha da yüksəltməkdir.
Təhsil - günbəgün inkişaf edən, yeni bacarıqlar tələb edən hər bir ölkənin önəmli sütunudur. Bu sütunun təməlində isə yüksək ixtisaslı, peşəkar müəllimlər durur.
Təhsilverənlərin sertifikasiyalaşdırılması prosesi müəllimlərin işinə daha məsuliyyətli olmağına, ixtisasının tədrisində yaradıcı yanaşmağına və nəticədə kompetensiyalı kadrların yetişməsinə səbəb olur. Məhz bu səbəbdəndir ki, hər il minlərlə müəllim sertifikatlaşdırma imtahanlarına cəlb olunaraq daha yaxşı təhsil üçün çalışırlar.
Bu mərhələdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 838 nəfər ibtidai sinif və 637 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, ümumilikdə 1475 nəfər müəllimimizin iştirakı nəzərdə tutulur.
İmtahanın iki mərhələli olması müəllimlərdə sadəcə akademik, nəzəri bilikləri deyil, eləcə də praktik bilik və bacarıqları da ortaya çıxarır. Bilik hər zaman qiymətləndirilir və qazanır.
Ona görə də özünüzə inamlı olun, illərin təcrübəsinə güvənin. Sertifikatlaşdırma eyni zamanda sizin biliyinizi nümayiş etdirmək və nəyə qadir olduğunuzu göstərmək üçün mükəmməl bir fürsətdir. Həm öz üzərinizdə işləmək, həm də yeniliklərdən xəbərdar olmaq üçün bu imtahan qaçınılmazdır.
Əminik ki, müəllimlər yenə yüksək nəticələr göstərərək təhsilimizin inkişafında yeni bir cığır açacaqlar. Bu sağlam rəqabət bizə savadlı, kompetent şagirdlər qazandıran kadrlar yetişdirəcək. Beləliklə də, gələcəyimiz daha güclü, daha savadlı çiyinlər üzərində qurulacaqdır.
Bütün müəllimlərə uğurlar arzulayıram!
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev
Xəbəri paylaş