Ürfət Həsənov: Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malik bir gündür 0
Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malik bir gündür.
Azərbaycan xalqı və dövləti üçün 15 İyun- Milli Qurtuluş Günü çox əziz və müqəddəs tarixdir. Əslində Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib ayrılma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.
Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-ci ildən 1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasdan qurtarmağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Ancaq o dövrdəki qaragüruhçu hakimiyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər vasitə ilə mane olurdu. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və hakimiyyətdəkilər Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar. Lakin çox qısa bir zaman kəsiyində Azərbaycanda hakimiyyətsizlik, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət kəskinləşməyə doğru gedirdi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini ortaya qoydu. Hətta hakimiyyətin zəifliyindən istifadə edən separatçı qüvvələr həm ölkənin cənubunda, həm də şimalında baş qaldırmışdılar. Cəbhə hakimiyyətinin üst qanadında təmsil olunanlar özləri də dərk edirdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısındadır. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi.
Artıq ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilasına inamı artırdı. Beləliklə, Ulu Öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu bir həqiqətdir ki, 15 iyun milli qurtuluş günümüz olmasaydı, Azərbaycan adlı dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Bu gün Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Onun bütün arzularını reallaşdırdı. Xüsusilə qüdrətli Azərbaycan dövlətini formalaşdırmaqla işğalda altındakı torpaqlarımızı 44 gün davam edən müharibədə geri qaytardı. İndi dünyada söz sahibi olan qüdrətli Azərbaycan dövləti və onun qətiyyətli Ali Baş Komandanı var.
Ürfət Həsənov
Goranboy rayon Su kanal İdarəsinin rəisi.
Xəbəri paylaş